Bu gün Avropa çempionatına hazırlaşan futzal millimizin mətbuat üçün açıq məşqi olub.
Oxu.Az xəbər verir ki, məşq 20 Yanvar şəhidlərinə görə bir dəqiqlik sükutla başlayıb.
Məşqdən əvvəl isə millimizin bas məşqçisi Joze Alesio da Silva mətbuat üçün brifinq keçirib.
20 Yanvar hadisəsinə görə Azərbaycan xalqına başsağlığı verən braziliyalı məşqçi bu ay Sloveniyada başlayacaq AÇ haqda fikirlərini bildirib:
“Artıq legionerlərimiz də bizə qoşulub. Tam heyətlə məşq edirik. İranla yoldaşlıq oyunlarından sonra AÇ-yə yollanacaq heyəti müəyyənləşdirəcəyik. AÇ-də məqsəd qrupdan çıxmaqdır. İlk oyunumuz Fransa ilə olacaq. Məncə, qrupda əsas oyunumuz da onlarladır. İspaniyanin gücü isə hamıya bəllidir. Son Avropa çempionudurlar. Fransa ilə oyundan sonra onlar haqda düşünəcəyik”.
Daha sonra o, Oxu.Az-in əməkdaşının “çempionatın 16 qolla bombardiri Renat Sultanovun yığmaya çağırılmaması nə ilə əlaqədardır” sualına aydınlıq gətirməyə çalışıb:
“Biz onu İrandakı turnirə aparmışdıq. Amma millinin sisteminə üç gün ərzində uyğunlaşması qeyri-mümkün olduğundan, onu oynatmadıq. Bu dəfə də onu çağırmaq istəyirdim. Ancaq eşitdim ki, o, çimərlik futbolu yığması ilə İrana gedəcək. Ona görə çağırmadım”.
Qeyd edək, “Marafon” klubunun üzvü olan Renat Sultanov heç çimərlik futbolu millimizə də çağırılmayıb.