Türkiyənin Antalya bölgəsində azərbaycanlı hakimlərin idarə etdikləri “Olimpik” (Donetsk, Ukrayna) – “Korona” (Keltse, Polşa) oyununda insident baş verib.
Oxu.Az xəbər verir ki, bu oyunu Nail Nağıyevin rəhbərlik etdiyi, Yaşar Abbasovla Elşad Abdullayevin olduğu hakimlər briqadası idarə edib.
Polşalı futbolçuların kobud oyunu, xüsusən Vadim Sçastlivtsevə qarşı hərəkət 45+1-ci dəqiqədə kütləvi davaya səbəb olub. Nəticədə matçın referisi Nail Nağıyev polşalıların yarımmüdafiəçisi Martsin Tsebula və çexiyalı kapitanı Radek Deymekə qırmızı vərəqə göstərib, ukraynalılardan isə qapıçı Artyom Kiçakla müdafiəçi Anton Kravçenko “sarı” ilə xəbərdarlıq alıb. Lakin baş hakim köməkçiləri Yaşar Abbasov və Elşad Abdullayevlə məsləhətləşdikdən sonra Deymekin “qırmızı”sını sarı vərəqə ilə əvəzləyib.
Fasilədə hər iki komandanın baş məşqçiləri azərbaycanlı hakimlərdən görüşə 11 nəfərlə davam etməyi xahiş ediblər. Onların istəyi təmin olunub. Belə olan halda Tsebulanın əvəzinə meydana başqa bir futbolçu çıxıb.
İlk hissənin əvvəlində isə “Olimpik”in gürcü əsilli futbolçusu Zurab Oçiqava rəqib oyunçu Oliver Petraka qarşı kobud oyuna görə qovulub. Lakin yenə meydanda balans pozulmayıb. Sadəcə, onun əvəzinə meydana komanda yoldaşı çıxıb. İkinci hissənin sonrakı bölümlərində də zaman-zaman ehtiraslar coşub. Lakin referi daha heç kimi meydandan qovmayıb. Görüş isə tərəflərin səylərinə rəğmən, qolsuz yekunlaşıb.
Qeyd edək ki, azərbaycanlı hakimlərin yanvarın 20-dən Türkiyənin Antalya bölgəsində başlanan təlim-məşq toplanışı fevralın 3-dək davam edəcək.