Fədayə Laçın məhkəmədə ifadə verdi – YENİLƏNİB

Müğənni Fədayə Laçın oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməklə bağlı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

AzBaku.info APA-ya istinadən xəbər verir ki, o, məhkəmədə verdiyi ifadəsində məhbuslara kömək etmədiyini deyib. “Mənim etibarımdan sui-istifadə ediblər. Onların qaçmaq niyyəti olduğunu bilməmişəm. Bunların heç birindən xəbərim yoxdur”, - deyə müğənni bildirib.

Qeyd edək ki, F. Laçın təqsirləndirilən şəxs qismində cəlb edilməkdə barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

***

10:05

Müğənni Fədayə Laçın (Məmmədova Fədayə Baris qızı) mütəşəkkil dəstənin üzvü kimi "Qoca" ləqəbli dustaq Etibar Məmmədovun həbsdən qaçmasına yardım etməkdə ittiham olunur.

AzBaku.info xəbər verir ki, bu barədə Report-a hüquq-mühafizə orqanlarından bildirirlib.

Müğənni barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Fədayə Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məhkəmə istintaqı zamanı günahı sübuta yetiriləcəyi təqdirdə Fədayə Laçını iki ildən altı ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xatırladaq ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxta gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar. Təqsirləndirilən şəxslər Bakı İstintaq Təcridxanasına aparılırmış.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda məhbuslara nəzarət edən qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılıb və məhkəmənin qərarı ilə onların barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Daha sonra Ə.Ağami Şirvan şəhərində tutularaq istintaqa təlvil verilib.

AzBaku.info

Mövzu ilə əlaqədar
Fədayə Laçın necə həbs olundu? - FİLM KİMİ TƏFƏRRÜAT
Fədayə Laçının həbs xəbəri ilə bağlı açıqlama – RƏSMİ + YENİLƏNİ