Xaləddin İsgəndərov daha bir binanın həyətini satdı- SAKİNLƏR BELƏ İDDİA EDİR (VİDEO)

Binəqədi rayonunun sakinləri Azadlıq Prospekti 188 ünvanında ağacların kökündən çıxarıldığını iddia edirlər.

AzBaku.info xəzərxeber.az-a istinadən xəbər verir ki, sakinlər yaşayış binasının qarşısındakı yaşıllığın məhv edilməsinə etiraz edir. Binanın qarşısı ağır texnikalarla qazılıb. Bunun kim tərəfindən edildiyi məlum deyil.

Yaşayış binasının qarşısındakı ərazi traktorla qazılıb.

Qazıntı aparılmış əraziya daş tökülüb. Bina sakinləri ağacların kökündən çıxarılaraq başqa yerə aparıldığını iddia edirlər.

Görüntülər Binəqədi rayonu, Azadlıq prospekti 188 ünvanda lentə alınıb. Yaxınlıqda yaşayanlar qazıntı işlərinə qədər ərazidə çoxlu ağacların olduğunu deyir. Onların iddiasına görə bir gecənin içində ağaclar yoxa çıxıb.

Sakinlər ərazidə ağacların çıxarılaraq yerində hansısa obyektin tikiləcəyindən narahatdır.

Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildilirib ki, onlarda sözügedən faktla bağlı hansısa məlumat yoxdur. Qeyd edilib ki, ağacların kəsilməsi yolverilməzdir. Onların kökündən çıxarılması bir şərtlə mümkündür ki, sözgedən qurum, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılsın.

Daha sonra Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi Şöbəsinin əməkdaşları əraziyə baxış keçiriblər. Aşkar edilib ki, ərazidə bir neçə ağaca ağır texnika ilə zərər vurulub. Başqa ağacların kökündən çıxarılıb çıxarılmaması isə araşdırılır.