Elçinə cavab: Ən əxlaqlı ailələr müğənnilərdədir

Müğənni Elçin Hüseynov şou-biznesdə müzakirələrə səbəb olacaq açıqlama verib.

Bu gün “Show time” verilişinə qonaq olan müğənni Elçin Hüseynovun “Oğlanlarımın müğənni ilə ailə qurmasına şübhəsiz ki, razı olmaram. Niyə? Hər bir ailənin öz qayda-qanunları var. Ona görə də müğənni qızla ailə qurmaq bizim ailəyə, xarakterə uyğun deyil” fikirləri müzakirələrə səbəb olub.

Oxu.Az məsələ ilə bağlı bir neçə qadın ifaçının fikrini öyrənib.

Əməkdar artist Elza Seyidcahan deyib ki, ən əxlaqlı ailələr müğənnilərdədir:

Elçinə cavab: Ən əxlaqlı ailələr müğənnilərdədir

“Hərə öz gördüyü müğənnilərdən danışır. Müğənni deyəndə gözümün qarşısına Montserrat Kaballe, Barbra Streysand, Fidan Xuraman bacıları, Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Mələkxanım Əyyubova, Gülyanaq Məmmədova kimi gözəl müğənnilərimiz gəlir. Gənclərdən Elnarəni misal çəkə bilərik. Hamısı gözəl ev xanımları, nümunəvi anadırlar. Pis müğənni görməmişəm, hər zaman deyirəm ki, müğənni analar adi qadınlar deyillər. Qeyri-adi insanlardır. Onların incəliyini hiss etmək hər kişinin işi deyil. Həm ev işlərini, həm də müğənniliyi bacarmaq asan deyil. İndi bu da Elçinin şəxsi fikridir. Elə valideyn tanıyıram ki, deyir qızımı polis oğlana ərə verəcəm. Hərənin bir arzusu var. Yəqin, Elçin müğənni işinin məsuliyyətini bildiyi üçün istəmir oğlanlarına aldığı qızın çiyinlərinə yük düşsün. Axtarsanız, ən əxlaqlı ailələr müğənnilərdədir. Ən tərbiyəli övladlar da elə müğənnilərin övladlarıdır”.

Müğənni Nura Suri isə bunun təhqir olduğunu söyləyib
:
Elçinə cavab: Ən əxlaqlı ailələr müğənnilərdədir

“Mən başa düşmürəm ki, bir insan suala cavab verəndə niyə bunu düşünmədən edir? Biri var bunu təzə efirə gələn, təcrübəsi olan insan desin, biri də var bunu elə müğənni deyir ki, adam məəttəl qalır. Bu qədər ailəli müğənnilər var. İndi onların həyat yoldaşı bu müsahibəni görüb nə fikirləşəcək? Sabah Elçin onların üzünə necə baxacaq? Bunu necə demək olar? Belə çıxır ki, əgər mənim qızım varsa, çıxım deyim ki, kişi müğənniyə qız vermərəm. Sənətin insanlığa, əxlaqlı olmağa nə aiddiyyəti var? Bu, birmənalı şəkildə təhqirdir. Niyə almarsan ki? Əxlaqında problem var? Səni nə vadar edir ki, bu sözü deyəsən? Lap sənə bu sualı veriblər de ki, cavab vermirəm. Uşağım böyüyər, baxarıq. Müğənnilik sənətini gözdən salmağa sizi nə vadar edir? Necə olur ki, bir-iki nəfər baxıb, bu qədər insanın sənətinə, ailəsinə təhqiramiz söz deyə bilirsiniz? Bu gün biri deyir rəqqasə almıram, indi də Elçin. Fikirləşmir ki, sabah başqa söhbətlər ola bilər. Kiminsə həyat yoldaşı gəlib kəsər qabağını, onda həmin adama nə cavab verər? Deyər ki, mənim həyat yoldaşım müğənnidir, sən nə demək istəyirdin? Bu nə sualdır axı verilir ki, belə də cavab verilsin? Kiminsə danışıq qabiliyyəti yoxdursa, ancaq oxusun. Əks halda düşünüb danışsın.

Xanım müğənni həm ana, həm bacıdır. Siz xanım müğənninin əxlaqına söz deyəndə bir növ bütün insanları, onların ailəsini təhqir etmiş olursunuz. Biz hansı əsrdə yaşayırıq ki, hələ durub müğənninin geyimini də müzakirə edirlər. Bu dəqiqə şəhərdə adi insanların geyimi müğənnilərdən betərdir. Hər dəfə deyirəm yenə də mənə təkrarladırlar. Siz özünüzdə bu cürəti haradan tapırsınız? Kişilər var status yazırlar ki, filan müğənninin geyimi belədir, elədir. Səsindən xoşun gəlmir qulaq asma, niyə təhqir edirsiniz ki?”

Müğənni Səbinə Əskərova isə bildirib ki, müğənnilər hər addımlarına fikir verirlər:
Elçinə cavab: Ən əxlaqlı ailələr müğənnilərdədir


“Müğənni qızın buynuzu var? O nə deməkdir ki? Hamını eyniləşdirmək düzgün deyil. O qədər gözəl, göyçək, abırlı qızlar var ki, işlərini gedib, evlərinə qayıdırlar. O qədər də əxlaqlı görünüb, min oyundan çıxan adi insanlar var ki, bəs onları neyləyək? Əksinə, müğənni qızlar hər addımlarına fikir verirlər. Çünki səhəri gün nə varsa, mediaya çıxa bilər”.