MƏKTƏB DİREKTORU RÜŞVƏT TƏLƏB EDİR! – Səsyazısı

Müəllimlərdən rüşvət istəyən məktəb direktorunun səsyazısı yayılıb. Səsyazısı Cəlilabad rayonu, Alar kənd 2 saylı orta məktəbinin Pedaqoji Şurasının iclasında yazılıb.

BakuNews.az xəbər verir ki, səs yazısından aydın olur ki, bir nəfər müəllimlərdən pul yığılmasını tələb edir.

Məlumata görə, müəllimlərdən pul tələb edən məktəbin direktoru Lətif Seyfullayevdir. O, hər müəllimdən 50 manat tələb edir. Sonra rüşvət vermək istəməyən Azad Dadaşov adlı müəllimi isə təhqir edir. Daha sonra bütün müəllimləri "kişiliyiniz çatmır?”, – deyə təhqir edərək iş yoldaşlarından Azad müəllimin "torbasını tikməyi” tələb edir.

Məktəb müəllimlərinin verdiyi məlumata görə, Lətif Seyfullayev əvvəllər pedaqoji sahədə çalışmayıb. 2014-cü ildə müəllimlərin işə qəbulu imtahanında iştirak etmədən müəllim təyin edilib. Qısa müddət sonra direktor müavini olan Lətif Seyfullayev sonradan məktəbə direktor təyin edilib. Bundan əvvəl də direktorun adı bir neçə dəfə bu kimi qalmaqalllarda hallandırılıb.

Mətbuatda yayılan məlumatlara görə, L. Seyfullayev 2017-ci ildə ümumtəhsil məktəblərinə direktorların işə qəbulu ilə bağlı imtahanda iştirak edib, birinci mərhələdə kəsilib. Digər tərəfdən, L.Seyfullayevlə məktəb direktoru kimi bağlanmış müqavilə 2017-ci ilin iyun ayında başa çatıb. Lakin o, hazırda məktəbə rəhbərliyi qeyri-qanuni şəkildə davam etdirir.(modern)