Lüks yaxtada əsl məqsədi gizlədilən görüş, Putindən gizli sövdələşmə və yeni rus çarının qəzəbi... Azərbaycan əsilli rusiyalı oliqarx bütün bunların hesabını ödəyə bilmir…
Ötən həftə Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun ABŞ Maliyyə Nazirliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların təsir dairəsinə düşdüyündən və cənab oliqarxın “Kreml hesabatı”na ətraflı və təcili münasibət bildirən, bu reaksiyasını az qala bütün dünya mediasına çatdırmaq istəyən yeganə şəxs olduğunu yazmışdıq. Halbuki Kremlə daha çox yaxın olan və milyardlarını əsasən Putinə yaxın olmaları ilə qazanan çoxlu sayda rusiyalı milyarderlər ABŞ-ın diqqətini üzərlərinə çəkmək istəmədiklərindən susmağa üstünlük verirlər. Lakin Fərhad Əhmədov digər rus milyarderlərdən fərqli olaraq, sanki ABŞ Maliyyə Nazirliyinə meydan oxuyurdu. Keçən yazımızda Fərhad Əhmədovun belə təcili davranmasını doğuran səbəblərin birindən danışmışdıq. Bu dəfə ki, yazımızda isə Azərbaycan əsilli rusiyalı milyarderin narahatçılığının əsas olan səbəblərdən birindən danışacağıq ki, uzun müdətdir bu faktor yerli və xarici medianın diqqətindən kənarda qalıb.
Əvvəlcə diqqəti Türkiyənin “Milliyyət” qəzetinin yazarlarından olan Negahan Alçının 2014-cü ildə Fərhad Əhmədovun yaxtasındakı görüşündən bəhs edən köşə yazısına çəkmək istərdik. Əhmədovun çox bahalı yaxtası barədə qadın heyranlığı ilə yazan N. Alçı köşəsində oliqarx soydaşımızı Azərbaycan kürdü kimi təqdim edir. Sitat: “Ahmedov Azeri asıllı bir Rus işadamı. Baba tarafından da Azerbaycan Kürtlerinden…”.
Negahan Alçının adı keçən yazısı bu linkdə: Dünyanın en güzel yatında 2 saat
Cənab Əhmədovun etnik mənsubiyyəti barədə doğulduğu Azərbaycan və yaşadığı Rusiya mediasının heç nə bilmədiyi, yaxud bilsə də, yazmadığı halda türkiyəli yazarın bu xüsusa diqqət çəkməsi təsadüfdürmü sizcə. Qaynağımızın iddiasına görə, yox.
Bu məqamı unutmamaq şərtilə diqqətinizi ikinci bir detala çəkək.
Negahan Alçı həmin yazısında ünlü həmyerlimizi həyat yoldaşı Rasim Ozan Kütahyalıyla (Rasim Ozan da jurnalistdir) görüşdürdüyünü yazır və vurğulayır ki, məqsəd milyarderi Türkiyəyə investisiya qoymağa təşviq etmək olub. Əcəba Rasim Ozan iş adamı, yaxud hökumət təmsilçisidirmi ki, hansısa milyarderi ölkəsinə sərmayə qoymağa həvəsləndirir? Təbii ki, yox və bu iddiaya “bişmiş toyuğun gülməyi gələr”… Görünür, görüşün əsl məqsədini pərdələmək üçün daha ağıllı variant tapa bilməyiblər…
Qeyd edək ki, yuxarıda adını çəkdiyimiz Rasim Ozan Kütahyalı kürd əsilli yazardır və kürd muxtariyyətinin lideri Məsud Bərzani ilə, ümumiyyətlə Bərzani ailəsi çox yaxındır.
Bilindiyi kimi, görüşün təsadüf etdiyi 2014-cü il tarixi mərkəzi İraq dövlətçiliyinin zəiflədiyi və Şimali İraq Kürdüstan Muxtariyyatının çiçəkləndiyi bir dövr idi. Zaman o zaman idi ki, artıq dünya, xüsusən də ABŞ-dakı yəhudi təşkilatlarının, həmçinin İsrailin təşviqi ilə xeyli iş adamı İraq Kürdüstanına investisiya yatırmaq üşüm planlar qururdular. Enerji qaynaqları ilə zəngin olan bu torpaqlar, xüsusən də neft və qazla olan zəngin olan Kərkük neft-qaz sektorunda çalışan iş adamlarının marağını cəlb edirdi və neft-qaz sektorunda çalışan iş adamlarından biri də bizim yazının qəhrəmanı cənab Fərhad Əhmədov idi. Negahan Alçının həmin yazısında qeyd etdiyi kimi, əvvəlcə “Nordqaz”ın az qala bütün səhmlərinə sahib olan, sonradan isə bu səhmlərinin böyük hissəsini Rusiya prezidenti Vladimir Putin tərəfindən əlindən alınan milyarder, o zaman yeni və münbit investisiya imkanları axtarırdı ki, həmin vaxt təmiz və yaxud çirkli pullarla investisiya qoyuluşu üçün İraq Kürdüstanından əlverişli variant ələ düşməzdi.
Həmin vaxt geopolitik səbəblərdən dünya bazarına sərbəst çıxmaq imkanından məhrum olan Bərzani neft-qaz sektorunu inkişaf etdirmək üçün “əlimyandı” ilə investorlar axtarırdı. Putindən incik düşmüş cənab Əhmədov isə qeyd etdiyimiz kimi tədricən “Nordqaz”ın səhmlərinin satışından əldə etdiyi milyardları başqa bir məkana transfer etmək istəyirdi. Qaynağımız qeyd edir ki, cənab Əhmədov bunun üçün daha əvvəl ciddi hazırlıqlar da görübmüş.
Məhz Putindən aldığı milyardları daha təminatlı bir yerlərdə sərmayəyə çevirə bilmək üçün ilk olaraq Fərhad Əhmədoun seçdiyi ölkə Böyük Britaniya olub. Milyarder Böyük Britaniyada mülklər almış, kiçik də olsa, biznes qura bilmişdi. Lakin bu biznesdən gələn gəlirlər Fərhad Əhmədov kimi bir adam üçün heç nə idi. Üstəlik Böyük Britaniyada çirkli pulları gizlətmək və vergidən yayınmaq imkansız idi.
Daha təminatlı və daha böyük işlərə girişmək lazım idi. Əvvəlcə doğulduğu və böyüdüyü Azərbaycana gəlmək istəsə də, Əhmədov Azərbaycanda hədəflərinə çata bilməyəcəyini görüb fikrindən daşınıb. İraq Kürdüstanı isə yatırım üçün hələ ki, münbit bir yer idi. Lakin ora necə getməli və investisiyanı hansı yollarla yatırmalı?
Təbii ki, kifayət qədər ağıllı və diplomatik bacarığa malik olan Əhmədov belə işləri açıq görəcək qədər təcrübəsiz iş adamı deyildi. Digər tərəfdən onun yeni layihələri Putinin diqqətini cəlb edə bilərdi. Rusiyanın hesabına milyarder olmuş birinin başqa bir ölkəyə külli miqdarda investisiya yatırması təbii ki, Putinin qəzəbinə səbəb ola bilərdi. Necə ki, Telman İsmayılov oldu...
O zaman nə etməli? ABŞ-da və Avropadakı yəhudi və kürd icmaları ilə görüş də diqqəti çəkə bilərdi. Onu Məsud Bərzani ilə əlaqələndirəcək şəxs iş dünyasından və siyasi dairələrdən uzaq biri olmalı idi ki, diqqəti əsl məqsəddən yayındıra bilsin. Fərhad Əhmədovun Türkiyədəki dostlarının vasitəsilə belə birisi tapıldı və Bodrumda, oliqarxın “Luna” yaxtasında bu görüş baş tutdu.
Bəli, Negahan Alçının və Məsud Bərzani ilə yaxın dost olan Rasim Ozan Kütahyalının görüşündən gedir söhbət. Diqqət etsəniz, Negahan Alçı həmin görüş barədəki yazısında diqqəti Fərhad Əhmədovun kürd olmasına yönəldir. Qaynağımız belə iddia edir kii, atasının Azərbaycan kürdlərindən olmasının yazıya salınması Fərhad Əhmədovun ideyası olub, oliqarx bu uydurması ilə həm Rasim Ozanın, həm də Məsud Bərzaninin gözünə girməyə çalışıb. Yuxarıda qeyd etdiyimiz kimi, indiyə qədər heç bir jurnalist bu məsələ ilə maraqlanmayıb belə. Onun doğulduğu Göyçayda da Əhmədovları heç kim kürd əsilli olaraq tanımır. Demək ki, kürd mənsubiyyəti məsələsinin xüsusi olaraq vurğulanması cənab Əhmədovun öz istəyi olub. Axı qarşıda kürd müxtariyyətinin lideri ilə ortaqlıq layihəsi var idi…
Bundan başqa, Negahan Alçının zikr etdyimiz köşə yazısında, guya görüşün Türkiyəyə investisiya qoyulmasına təşviq edilməsinə dair qeyd də diqqəti əsas məsələdən, yəni Fərhad Əhmədovun Şimali İraqa sərmayə qoymasından yayındırmaq məqsədi güdürmüş. Rasim Kütahyalının bir Kürd Müxtariyyəti yanlısı olduğu, ora investisiya qoymaq üçün xeyli iş adamı cəlb etdiyi barədə Türkiyədəki biznes çevrələrinin də bilgisi var.
Lakin necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. Hansı səbəbdənsə Fərhad Əhmədovun Şimali İraq Kürdüstanına sərmayə qoymaq niyyəti baş tutmayıb. Qaynağımız ehtimal edir ki, Fərhad Əhmədovun Şimali İraq Kürdüstanının neft sektoruna milyardlarla sərmayə qoymaq planından Putin xəbər tutub və Fərhad Əhmədovun “Nordqaz”ın səhmlərinin satışından əldə etdiyi milyardları ondan gizli olaraq Kürdüstana qoymaq istəməsi Rusiya prezidentini qəzəbləndirib. Hər halda qısa müddət sonra Putinin ən yaxın adamlarından biri olan Seçinin rəhbərlik etdiyi “Rosneft” şirkətinin Məsud Bərzani ilə Şimali İraq neftinn istehsalı və nəqli ilə bağlı 3 milyard dolarlıq sazişin imzalanmasını təsadüf hesab etmək olmaz.
Qaynağımızın ehtimalına görə, Əhmədovun planından xəbər tutan Putin onu layihədən kənarlaşdırıb və bu layihəni Seçinə həvalə edib.
Yəqin ki, indi cənab Əhmədov Şimali İraqdakı layihəsinin baş tutmamasına görə, Tanrıya şükürlər edir. Çünki Şimali İraqda baş tutan məlum müstəqillik referendumundan sonra yaranan vəziyyət və Kərkükün İraq Mərkəzi höküməti tərəfindən Bərzaninin peşmərgə güclərindən geri alınması, “Rosneft” şirkətinin Kərkükə yatırdığı 3 milyardlıq sərmayəsini təhlükə altına atıb və böyük ehtimalla Məsud Bərzain ilə imzalanmış bu sazişi mərkəzi İraq höküməti tanınmayacaq.
Müstəqillik eşqinə düşən Məsud Bərzaninin Türkiyə ilə münsaibətlərinin soyumasını, ABŞ-ın müvəqqəti də olsa Bərzaninin arxasından çəkilməsi və Rusiyanın regiondakı mövqelərinin hələ tam bəlli olmamasını da əlavə etsək, mənzərə bizə tam aydın olar.
Qaynağımız hesab edir ki, ABŞ-ın və İsrailin qarantiya vermədiyi bölgədə iş qurmaq, Türkiyənin əliylə Şimali İraq neftinə sahiblənmək, Bərzani ilə ortaqlıq etmək və bir sıra başqa səbəblər Fərhad Əhmədovun ABŞ-dakı yəhudi dostların və onların himayəsində olan siyasətçilərin təbii ki, xoşuna gəlməyib və Fərhad Əhmədovun adının “qara siyahı”ya salınmasının səbəblərindən biri olub.
Qərb dünyasında əli tamamilə üzülən və tamamilə tək-tənha vəziyyətdə Putinin qəzəbi ilə üz-üzə dayanmaq Fərhad Əhmədov üçün böyük təhlükə yaradır və məhz bu üzdən də cənab Əhmədov Putinin gözünə girmək üçün tez-tələsik “Kreml hesabatı”nı yerdən-yerə vurdu. Guya onun siyahıya salınmasının yeganə səbəbi milyarder olmasıdır. Bəli, milyarder olmasıdır, ancaq necə milyarder?
Digər tərəfdən London məhkəməsinin 600 milyondan artıq vəsaitin ona xəyanət etmiş keçmiş arvadına verilməsi ilə bağlı qərarı Fərhad Əhmədovun ətrafındakı dairəni daha da daraldır. Çünki artıq onun Avropanın hər yerində mülklərinin və biznesnin müsadirə olunması gündəmə gəlib.
Həmçinin Fərhad Əhmədov hazırkı durumu ilə həm Avropada, həm də ABŞ-da, belə demək mümkündürsə, bütün Qərb dünyasında iş görmək imkanlarını itirir. Rusiyada isə Putinin qəzəbi ilə üz-üzə olduğunu nəzərə alarsaq, o zaman dairə doğrudan da qapanır. Tək çıxış yolu isə Putinin qəzəbini yumşaltmaq, Rusiyada və MDB ölkələrində işlərini davam etdirməkdir.
Həmyerlimiz bunu başaracaqmı?.. Bu sualın cavabını təbii ki, zaman verəcək…
P.S.Qeyd edək ki, İraq Kürdüstanına investisiya qoymağa əvvəlcə razılıq verən, Putinin dolayı kəskin mesajlarından sonra bu fikirdən daşınan Quba yəhudiləri olan digər milyader həmyerlilərimizin də adının bu siyahıya salınmasının əsas səbəbi budur. (bu barədə başqa bir yazıda qeydlərimizi təqdim edəcəyik).
Mənbə: MilliYol