Baş katib: "Şəhərlərin qurucuları icmalardır və onlar iqlim böhranına qarşı ilk reaksiyanı verir"

Baş katib: "Şəhərlərin qurucuları icmalardır və onlar iqlim böhranına qarşı ilk reaksiyanı verir"

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) zamanı aydın olub ki, şəhərlərin qurucuları məhz icmalardır və onlar iqlim böhranına qarşı ilk reaksiya verənlərdir.

Bunu Asiya Mənzil Hüquqları Koalisiyasının Baş katibi Lajana Manandhar tədbirin bağlanış mərasimində bildirib.

"Vətəndaş cəmiyyəti, yerli hərəkatlar və qeyri-rəsmi məskunlaşma yerlərinin təmsilçiləri olaraq, Azərbaycan hökumətinə və Azərbaycan xalqına göstərdiyiniz sevgi, qayğı və çox isti qonaqpərvərliyə, eləcə də az öncə təqdim olunan heyranedici mədəni proqrama görə dərin minnətdarlığımızı bildirmək istəyirik", - o vurğulayıb.

Qonağın sözlərinə görə, dünyada 1 milyarddan çox insan qeyri-rəsmi məskunlaşma yerlərində yaşayır: "Təxminən 3 milyard insan isə adekvat sığınacaqdan məhrumdur. Lakin bu həftə keçirilən yerli icmalar və vətəndaş cəmiyyətinin assambleyasında, dəyirmi masa müzakirələrində aydın olub ki, şəhərlərimizin qurucuları məhz icmalardır. İcmalar iqlim böhranına qarşı ilk reaksiya verənlərdir. Daşqınlar artanda, köçürülmə təhlükəsi yarandıqda və mənzil qiymətləri kəskin artanda, bu çətinliklərlə üzləşən və onlara cavab verən məhz yerli icmalar, xüsusən də qadınlar və gənclərdir. Biz bu forum zamanı müəyyən etdik ki, mənzil əsas insan hüququdur. Mənzil ictimai nemətdir. Lakin kağız üzərindəki hüquq köçürülmə ilə üzləşən və ya evindən çıxarılan bir ailə üçün heç bir məna kəsb etmir. Əsl şəhər yenilənməsi sosial ədalətə əsaslanmalıdır. Əgər şəhər yenilənməsi həmin icmaya ruhunu verən insanları köçməyə məcbur edirsə, bu, əsl inkişaf sayıla bilməz".