
Hazırda "Şahdəniz" yatağında ümumi hasilat ildə 27 milyard kubmetr qaz və gündəlik 80 min bareldən çox kondensat təşkil edir.
Bu barədə layihənin texniki operatoru olan "BP-Azərbaycan" şirkətinin məlumatında bildirilib.
"Hazırda yataqdan qaz hasilatı "Şahdəniz-1" və "Şahdəniz-2" layihələri çərçivəsində həyata keçirilir. İşlənmənin birinci mərhələsi nəzərə alınmaqla, hazırda yataqda ümumi hasilat ildə 27 milyard kubmetr qaz və gündəlik 80 min bareldən çox kondensat təşkil edir", - məlumatda vurğulanıb.
Bununla yanaşı, şirkətin məlumatına görə, hazırda "Şahdəniz-2" layihəsi çərçivəsində ildə 17 milyard kubmetr qaz hasil edilir.
"Mövcud "Şahdəniz" obyektlərinin istehsal gücü gündəlik 76 milyon kubmetri və ya ildə 28 milyard kubmetri ötür", - məlumatda bildirilib.
"Şahdəniz" yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya edilib.
"Şahdəniz" üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), "Lukoil" (19,99 %), TPAO (19 %), NİCO (10 %), "Cənub Qaz Dəhlizi" (16,02 %), MVM (5 %).

