Vaşinqtonla Tehranın anlaşma memorandumu – sülh, yoxsa savaş? - ŞƏRH

Vaşinqtonla Tehranın anlaşma memorandumu – sülh, yoxsa savaş? - ŞƏRH


ABŞ və İran arasında sülh haqqında ilkin razılaşma sənədi imzalanıb. Sənədin əvvəl iyunun 19-da İsveçrənin Cenevrə şəhərində təntənəli mərasimlə reallaşdırılacağına dair xəbərlər yayıldı.

Hətta, G7-nin Fransada keçirilən zirvə toplantısında qrupun üzvü olan dövlətlərin liderlərinin iştirakı ilə imzalanma tədbirinin keçirilməsi də gözlənilirdi. Ancaq bunların heç biri baş vermədi. ABŞ Prezidenti Donald Tramp və iranlı həmkarı Məsud Pezeşkian ilkin razılaşmanı imzaları ilə təsdiqlədilər. Qeyd edək ki, anlaşma memorandumunun mətninin dərc edilməsinin gecikməsi də ictimaiyyətdə müəyyən narahatlıq yaratmışdı. İran Xarici İşlər Nazirliyi bunu diplomatik prosedurla əlaqələndirib.

ABŞ lideri onu da vurğulayıb ki, İran üzərinə düşən öhdəlikləri yerinə yetirməyəcəyi halda ona qarşı hərbi əməliyyatları bərpa edəcəklər.

"Qarşılıqlı anlaşma memorandumu" adlanan bu sənəddə bütün istiqamətlərdə, o cümlədən Livanda hərbi əməliyyatların dayandırılması, Tehrana qarşı sanksiyaların aradan qaldırılması, İranın bərpası fondunun yaradılması, 60 günlük atəşkəs rejiminin tətbiq edilməsi nəzərdə tutulur.

Memoranduma əsasən, 30 gün ərzində ABŞ İran limanlarının blokadasını dayandıracaq, bu müddətdən sonra Ştatlar qüvvələrini İslam Respublikası sərhədlərindən geri çəkiləcək, Hörmüz boğazı 60 gün ərzində gəmilərin rüsumsuz keçidi üçün açılacaq. Hörmüz boğazından keçidlə bağlı uzunmüddətli razılaşma bundan sonra təkcə İran və Oman tərəfindən deyil, həm də Körfəzə daxil olan başqa dövlətlərlə əməkdaşlıq çərçivəsində hazırlanacaq.

Vacib məsələlərdən biri də İranın bərpasıdır. ABŞ regiondakı tərəfdaşları ilə birlikdə azı 300 milyard dollar həcmində "İran İslam Respublikasının bərpası və iqtisadi inkişafı" fondunu yaratmağı vəd edir.

Bu məsələ ətrafında müəyyən spekulyativ fikirlər söylənilir. Belə iddia olunurdu ki, guya ABŞ İrana kompensasiya ödəyəcək. Donald Tramp G7 sammitində ölkəsinin İrana pul verəcəyinə dair xəbərlərin "saxta" olduğunu, İslam Respublikasına pul vermədiklərini bildirib. O qeyd edib ki, müharibə zamanı dondurulmuş İran aktivləri geri qaytarılmalıdır: "Bu bizim pulumuz deyil, bu onların puludur və biz onu dondurmuşuq. Düşünürəm ki, nə vaxtsa biz onları geri qaytarmalı olacağıq".

Yeri gəlmişkən, 2015-ci ildə Donald Tramp keçmiş prezident Barak Obamanı İranla nüvə sazişi çərçivəsində faizlər daxil olmaqla İslam Respublikasının 1,7 milyard dollar məbləğində aktivlərinin dondurulması haqqında sanksiyanı ləğv etdiyinə görə kəskin tənqid etmişdi.

İndi də Demokratlar Partiyası bəhs etdiyimiz anlaşmanı tənqid edir.

Sanksiyalardan söz düşmüşkən, ABŞ İrana qarşı bütün növ sanksiyaları ləğv edəcəyini boyun olur. Ləğv cədvəlinin sonradan razılaşdırılması planlaşdırılır.

ABŞ və İsrailin, eləcə də onların tərəfdaşlarının əsas hədəfi İslam Respublikasının nüvə silahına malik olmamasıdır. Tehran heç vaxt nüvə silahı yaratmayacağını, əldə etməyəcəyini, zənginləşdirilmiş uranının ləğvi məsələsində ABŞ ilə əməkdaşlıq edəcəyini vəd edir.

Memoranduma əsaslansaq üç istiqaməti daha önəmli saymaq olar:

- region ölkələrini də rahatsız edən hərbi əməliyyatların dayanması;

- İranın nüvə silahı hazırlamayacağı və zənginləşdirilmiş uranın ləğvində ABŞ ilə əməkdaşlıq edəcəyi;

- Hörmüz boğazının açılması, sanksiyaların götürülməsi.

O biri şərtlər isə bunlara bağlıdır.

Bu baxımdan razılaşma region ölkələrinin iqtisadi, hərbi, təhlükəsizlik maraqlarının təmin olunması deməkdir. Deməli, tərəflər arasında razılaşma bölgədə təhlükəsizliyin təmin olunmasına, sülhə, əməkdaşlığa yol açır.

Oxşar şərait 11 il əvvəl də yaşanmışdı. Onda altılıqla (ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Rusiya və Çin) Tehran arasında razılaşma imzalananda qlobal miqyasda gərginliyin aradan qalxacağına ümid edilirdi. Nəzərə almaq lazımdır ki, həmin illərdə ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyat keçirməmişdi. Başqa sözlə, tərəflər arasında etimad mühiti indiki kimi kövrək deyildi.

İndi və 11 il əvvəl də əsas hədəf İranın nüvə silahı əldə etməməsidir.

Bu sırada əsas fərq planla memorandumu imzalayanlardadır. 2015-ci ildə sənədə İran da daxil olmaqla yeddi ölkə, bu dəfə isə ABŞ qol çəkib.

Elə əsas məsələ də buradadır. Belə qənaətə gəlmək olar ki, ABŞ İranla anlaşmaya şərik qoşmaq istəməyib. Ona görə də 11 il ərzində prosesi müxtəlif üsullarla uzadıb. Bu səbəbdən elə ehtimal etmək olar ki, son hadisələr Vaşinqtonla Tehranın bir-biri ilə danışıqlardan yayınmasının əsas səbəbini açmağa imkan verir.

Bu nədir? Hakimiyyət dəyişikliyi. 1979-cu il fevral inqilabından sonra zaman-zaman bu məsələ müxtəlif səviyyədə gündəliyə gəlib. İran ABŞ-ni həm də bu niyyətinə görə ittiham edib. Vaşinqton rəsmiləri belə bir planlarının olmadığını bildiriblər. Ancaq ötən il başlamış bu il də davam etmiş hadisələr hakimiyyət dəyişikliyi ilə bağlı məsələni yenidən gündəliyə gətirib. İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin öldürülməsi bu məqsədin həyata keçməsi istiqamətində atılan addımlardan sayılır. Bununla belə Tehran ABŞ-nin məqsədinə çata bilmədiyini də vurğulayır.

Donald Tramp isə iyunun 17-də Fransada keçirilən G7 sammiti çərçivəsində jurnalistlərə bildirib ki, ABŞ İranda rejim dəyişikliyinə nail olub. O, İranda hakimiyyət dəyişikliyinin baş verdiyini vurğulayaraq, deyib: "Birinci liderlər qrupu artıq yoxdur, ikinci liderlər qrupu da yoxdur. Üçüncü liderlər qrupunun da bir hissəsi artıq yoxdur... Məncə, bu, elə rejim dəyişikliyidir".

Qeyd etdiyimiz açıqlamaya əsasən, demək olar ki, Donald Tramp İranda dəyişikliyə nail olduğu üçün razılaşmaya gedir. Bu yöndə Vaşinqton İranla bağlı şəriksizliyi təmin edir, həm də yeni qüvvələrlə perspektivdə əməkdaşlığa başlayır.

ABŞ və İranın əldə edilən qarşılıqlı anlaşmaya əməl etməsi perspektivdə tərəflər arasında sülh sazişinin imzalanması üçün şərait yarada bilər. Memorandumda vurğulanan bir sıra məsələlər reallığı əks etdirməsə də, bunu tərəflərin bir-birinə güzəşti kimi qəbul etmək olar.

Əsas hədəf 47 ildən sonra ABŞ-İran arasında danışıqlar, diplomatik münasibətlərin yaranması, əməkdaşlığın bərpasıdır. Bu üç hədəfin reallaşması Tehran və Vaşinqtonun maraqlarının təmin olunmasına aparan amillər sayıla bilər. Odur ki, ABŞ ilə İran arasında memoranduma əməl etmək və qarşıdurmanı davam etdirmək üçün yetərincə amil var. 60 gün ərzində bu anlayışlardan üstünlük qazananı sülh sazişinin taleyində həlledici ola bilər.(Report)