Bakıda boru partladı: 10 evi su basdı - VIDEO

Bakıda gecə saatlarında su borusu partlayıb, bir neçə evi su basıb.

Report-un xəbərinə görə, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi 1 A massivində qeydə alınıb. Nəticədə təxminən 10 evin həyətyanı sahəsini su basıb.

Sakinlər bildirib ki, 14 ildir burada yerləşən su borusu mütəmadi olaraq qırılır. Nəticədə yollar keçilməz olur, evləri isə su basır.

Gecə saatlarında ev sahibləri həyətyanı sahələrinin suyunu təmizləyib. Borudan gələn suyun qarşısını isə Azərsu ASC-nin əməkdaşları alıb. Sakinlər bildirib ki, ASC əməkdaşları üç massivə verilən ana borudakı suyun verilməsini dayandırıb. İndi evlərə içməli su gəlmir. Bununla bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə və Azərsu ASC-yə dəfələrlə müraciət edilib.

Ərazidə yaşayan sakin Əfqan Məmmədov neçə ildir bu problemi yaşadığını deyib:

"AzərsuASC-nin əməkdaşları gəlib partlayan hissəyə taxta ilə yamaq vurdular. Buna baxmayaraq, hələdə su axır küçələrə. Bizə 14 ildir ki deyirlər ki, borunu təmir etdirəcəyik. Burda öz hesabımıza küçənin asfalt qatını düzəltdirmişdik. Lakin su borusuna görə küçələr keçilməz olub. Səhər uşaqları məktəbə aparanda palçığa bataraq gedirik. Su gələndə bir tərəfdən sevinirik, digər tərəfdən qorxu hissi keçiririk. Çünki su veriləndə boru partlayır, su evlərimizə daxil olur".