Gəncə İmamzadə Ziyarətgahının imamı Hacı Tahir Abbasov Prezident İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb



Gəncə İmamzadə Ziyarətgahının imamı Hacı Tahir Abbasov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə ünvanladığı müraciətdə şəhid qardaşı, polis polkovnik-leytenantı Səməd Abbasovun əziz xatirəsinə göstərilən yüksək dövlət qayğısına görə dərin minnətdarlığını ifadə edib.

Hacı Tahir Abbasov məktubunda bildirib ki, iyulun 10-u ailələri üçün həm ağır, həm də qürurverici bir tarixdir. Məhz həmin gün qardaşı Səməd Abbasov xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub, iyulun 11-də isə son mənzilə yola salınıb. O vurğulayıb ki, qardaşının dəfn mərasimində söylədiyi fikirlərə bu gün də sadiqdir və ailələrinin hər bir üzvü dövlətimizin, xalqımızın və ölkəmizdə sabitliyin qorunması naminə hər an canından keçməyə hazırdır.

Müraciətdə Prezident İlham Əliyevin şəhid Səməd Abbasovun xidmətlərini yüksək qiymətləndirərək onu "Azərbaycan Bayrağı" ordeni ilə təltif etməsinin ailələri üçün böyük mənəvi dəyər daşıdığı qeyd olunub. Hacı Tahir Abbasov bunu şəhidlərə və onların ailələrinə göstərilən dövlət qayğısının bariz nümunəsi kimi dəyərləndirib.

İmam məktubunda Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova da xüsusi təşəkkürünü bildirib. O qeyd edib ki, şəhid qardaşının şəhadətindən ötən səkkiz il ərzində ailələri daim diqqət və qayğı ilə əhatə olunub, hər il vəziyyətləri ilə yaxından maraqlanılıb, şəhidin anım mərasimlərinin təşkili və digər məsələlərdə hər zaman dəstək göstərilib.

Hacı Tahir Abbasov eyni zamanda son səkkiz ildə səhhətində ciddi problemlər yarandığını, gözünün nurunu xeyli dərəcədə itirdiyini, ayaqlarında yaranan sağlamlıq problemləri səbəbindən hərəkət etməkdə çətinlik çəkdiyini də diqqətə çatdırıb. Buna baxmayaraq, o, dövlətə və dövlət başçısına sədaqətindən dönmədiyini vurğulayaraq bildirib ki, Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin və sabitliyinin qorunması naminə hər zaman canını fəda etməyə, şəhid olmağa hazırdır.

Məktubunun sonunda Hacı Tahir Abbasov Prezident İlham Əliyevə möhkəm cansağlığı, dövlətçilik fəaliyyətində yeni uğurlar və Azərbaycanın daha da qüdrətlənməsi naminə yeni zəfərlər arzulayıb.

Mənbə: PatriotNews.com.az