Qırğızıstan neft və neft məhsullarının ixracına tam qadağa qoyub

Qırğızıstan neft və neft məhsullarının ixracına tam qadağa qoyub


Qırğızıstan hökuməti ölkədən neft və neft məhsullarının ixracına tam qadağa tətbiq edib, eyni zamanda, avtomobil nəqliyyatı ilə yanacağın idxalına dair əvvəlki məhdudiyyətlər ləğv olunub.

Bununla bağlı qərarı Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev imzalayıb.

Nazirlər Kabinetinin qərarında bildirilir ki, bu addım daxili bazarın sabit fəaliyyətini təmin etmək məqsədilə atılıb.

Bundan əvvəl yanacağın ixracına qoyulan qadağa yalnız Avrasiya İqtisadi İttifaqının (Aİİ) gömrük ərazisindən kənara daşınan məhsullara şamil edilirdi. Yeni qərarla isə məhdudiyyət bütün istiqamətlər üzrə qüvvəyə minib.

Qadağa avtomobil və dəmir yolu ilə ixrac edilən xam neft, benzin, dizel yanacağı və digər neft emalı məhsullarını əhatə edir.

Bununla belə, mazut və soba yanacağı istisna təşkil edir. Bu məhsullar Nazirlər Kabinetinin ayrıca qərarı əsasında ixrac oluna bilər. Lakin bu halda onların emalından əldə edilən məhsulların sonradan Qırğızıstana geri gətirilməsi məcburidir.

Məhdudiyyətlər nəqliyyat vasitələrinin standart yanacaq çənlərində olan yanacağa şamil edilmir.

Qərarda qeyd olunub ki, qadağa daxili bazar tam təmin edilənədək və ya Avrasiya İqtisadi İttifaqında vahid neft bazarı formalaşanadək qüvvədə qalacaq.

Eyni zamanda, Qırğızıstan yanacağın ölkəyə idxalını sadələşdirib. İyulun əvvəlində respublika hakimiyyəti Rusiya və digər müttəfiq ölkələrə müraciət edərək neft məhsullarının sabit tədarükünün təmin olunmasına yardım göstərilməsini xahiş edib.