
Tailandın cənubundakı Narathivat əyalətində baş verən silahlı hücum nəticəsində ölkənin təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı həlak olub, ikisi uşaq olmaqla 6 dinc sakin isə yaralanıb.
Bu barədə Tailand Silahlı Qüvvələrinin Daxili Təhlükəsizliyin Təminatı üzrə Əməliyyatlar Komandanlığı məlumat yayıb.
Hərbçilərin məlumatına görə, çərşənbə günü axşam saatlarında 10-a yaxın silahlı şəxs yol yaxınlığındakı nəzarət-buraxılış məntəqəsini atəşə tutublar. Onlar hücum zamanı əldəqayırma partlayıcı qurğulardan da istifadə ediblər.
Hücum nəticəsində Tailand təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı həlak olub, 6 dinc sakin, o cümlədən 3 yaşlı qız və 10 yaşlı oğlan yaralanıb.
Hücumdan sonra cinayətkarlar 3 ədəd "AK-47" avtomatı, 3 zirehli gödəkçə və bir neçə mobil telefon götürərək hadisə yerini tərk ediblər. Təhlükəsizlik qüvvələri hadisə yerindən təxminən 21 kilometr aralıda hücum zamanı istifadə edilmiş və daha sonra yandırılmış pikap aşkar ediblər.


