
Hökumət Prezident Məsud Peşekianın çıxışının bir hissəsini kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edib.
Bu barədə İslam Respublikası hökumətinin rəsmisi Fatimə Mühacirani bildirib.
Onun sözlərinə görə, bu barədə xəbərdarlıqlar xalq arasında harmoniya və birlik yaratmaq, hər cür parçalanma, fikir ayrılığı və özgələşmənin qarşısını almaq üçün edilib.
Fatimə Mühacirani İran Radio və Televiziya Şirkətinin yayıma ayrı-seçkilik və senzura ilə yanaşması barədə suala cavab olaraq deyib:
"Təbii ki, yerli media cəmiyyətin bütün səslərini, xüsusilə onun xidmətçilərinin, o cümlədən hökumətin səsini əks etdirməlidir".
Xatırladaq ki, İranı dövlət televiziyasında Prezident Məsud Pezeşkianın və parlament sədri Məhəmmədbaqer Qalibafın çıxışlarının bir hissəsi ixtisar edilib.
İran prezidentinin oğlu Yusif Pezeşkian dövlət televiziyasının bu hərəkətini tənqid edərək bildirib ki, ölkəni elə dövlət televiziyasındakı şəxs idarə etsin.
O, sosial şəbəkə hesabında ölkənin yüksək vəzifəli şəxslərinin çıxışlarının dövlət televiziyasında ixtisar edilməsini pisləyib:
"Dövlət televiziyası hakimiyyətin əsas qollarının rəhbərlərinin (red. prezident, parlament sədri və məhkəmə sisteminin rəhbəri) çıxışlarının bəzi hissələrini yayımdan niyə çıxarır? Onların çıxışlarının hansı hissəsinin dövlət televiziyasında verilib-verilməməsinə kim qərar verir?"
Yusif Pezeşkian daha sonra əlavə edib ki, ölkənin belə bir müdrik şəxsi varsa və onun qərarı hakimiyyət qollarının rəhbərlərinin qərarından daha üstündürsə, onda dövlətin idarəçiliyini də ona həvalə olunsun:
"Axı su olduğu halda təyəmmüm (susuz dəstəmaz) batildir".
İranın xarici işlər naziri Abbas Əraqçi də teleradio şirkətindən şikayətlənərək deyib ki, "Fox News", CNN və başqalarına müsahibələrində sərt şəkildə sualları cavablandıraraq mübarizə apardığını söyləyib:
"Elə zənn edirdim ki, axşam dövlət televiziyası bunu yayımlayar, "əhsən, gör xarici işlər nazirimiz necə danışır" deyərlər. Ancaq heç nə olmamış kimi müsahibələrimin heç birini İran Dövlət Televiziyası yayımlamadı" .


