Oktyabrın 29-da Salyan rayon sakini Vasif Adıgözəlov rayon Polis Şöbəsinə müraciət edərək, həyətyanı təsərrüfatından 9 baş qoyunun oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzBaku.info-nun aldığı məlumata görə, polis əməkdaşları heyvanların “VAZ-2109” markalı avtomobillə oğurlandığı barədə məlumat əldə ediblər.
DİN-in Təhlükəsiz Şəhər Xidməti ilə birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobil Bakı şəhərində müəyyən edilərək saxlanılıb və onu idarə edən şübhəli şəxs Salyan RPŞ-yə dəvət edilib.
Neftçala rayon sakini olan Hüseyn Qurbanov törətdiyi cinayət əməlini etiraf edib. Polis əməkdaşları tərəfindən onun heyvanları əmisi oğlu ilə birgə oğurlayaraq, paytaxtın Zabrat qəsəbəsindəki heyvan bazarında satdığı, əldə olunan gəliri aralarında böldükləri müəyyən edilib.
Görülən tədbirlərlə cinayətin digər iştirakçısı - Həsənqulu Qurbanov da tutulub.
Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.