
Rusiya Xarici İşlər Nazirliyi Ermənistan hakimiyyətini Avropa İttifaqına yaxınlaşmanı “diversifikasiya” adı altında təqdim etməməyə çağırıb.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamenti direktorunun müavini Aleksey Fadeyev brifinqdə bildirib.
Onun sözlərinə görə, hazırda Ermənistan hakimiyyəti İrəvanla Moskva arasında yaranmış gərginliyə görə məsuliyyəti başqalarının üzərinə qoymağa çalışır və bütün problemləri Ermənistanın siyasi və iqtisadi baxımdan alternativlər axtarmaq istəyi ilə izah edir.
“Dövlətin çoxtərəfli inkişafının təmin edilməsi hər bir ölkənin vəzifəsi və prioritetidir. Lakin anlayışları əvəz etmək olmaz. Əgər “diversifikasiya” kimi gözəl sözün arxasında Avrasiya inteqrasiyasından və ənənəvi müttəfiqdən üz döndərərək Rusiyaya açıq şəkildə düşmən mövqe tutan Avropa İttifaqına yönəlmək gizlədilirsə, nəticə aydındır”, – Fadeyev bildirib.
Diplomat əlavə edib ki, Ermənistanın ixracı ilə bağlı problemlər Rusiyanın tətbiq etdiyi məhdudiyyətlərlə deyil, məhsulların keyfiyyəti ilə əlaqədardır.
Onun sözlərinə görə, hazırkı ixrac çətinlikləri İrəvan tərəfindən əsassız olaraq Moskvanın tətbiq etdiyi məhdudiyyətlər kimi təqdim edilir.


