
Azərbaycanın təşəbbüsü və təklifləri əsasında Ermənistanla reallaşan sülh prosesi Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında örnək hadisə olaraq göstərilib.
ABŞ lideri Donald Tramp sessiyada qeyd edib ki, vəzifəyə gəldikdən sonra ümumilikdə səkkiz münaqişənin həllinə nail olub və bunun sayəsində həmin ölkələrin bir çox liderləri ilə dostluq münasibətləri qurub.
ABŞ Prezidenti bildirib ki, ona bunların bitməyəcəyini deyirmişlər: "Siz heç vaxt onları başa çatdıra bilməyəcəksiniz. Bəziləri 31 il davam edirdi. Onlardan ikisi – 31 il! Bir düşünün: 31 il. Biri 36 il davam edirdi. Digəri – 28 il".
Donald Tramp Kamboca və Tailand, Kosovo və Serbiya, Konqo və Ruanda, Pakistan və Hindistan, İsrail və İran, Misir və Efiopiya, Ermənistan və Azərbaycan arasındakı müharibələri sadalayıb. O, indiyədək heç bir prezident və ya baş nazir, ümumiyyətlə heç bir ölkənin dövlət başçısının belə bir iş görmədiyini deyib: "Mən bunu cəmi yeddi ay ərzində etdim. Bunu etmək mənim üçün böyük şərəfdir".
Ağ Evin indiki rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevin sülh istiqamətində onun fəaliyyətinə verdiyi qiyməti BMT-nin tribunasından söyləyib: "Azərbaycan Prezidenti dedi: "Prezident Tramp altı ay ərzində möcüzə yaradıb. Bu, heç kimin mümkün hesab etmədiyi tamamilə möcüzəvi hadisə idi".
Prezident İlham Əliyev bu ifadə ilə ABŞ-nin 1918-ci ildən sonra Azərbaycanla bağlı atdığı ən mühüm addımı vurğulayıb. Çünki həmin dövrdə Ştatlar cümhuriyyəti tanımağı, ordunun təchizatına yardımı gecikdirmiş, bolşeviklərin fəallığının qarşısını almaqda addım atmamışdı.
ABŞ-nin 28-ci Prezidenti Vudro Vilson 1919-cu il mayın 28-də Paris Sülh Konfransında Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyəti ilə görüşü zamanı bildirmişdi ki, Amerika dünyanı kiçik hissələrə bölmək istəmir, Qafqaz xalqlarının konfederasiya yaratması məqsədəuyğundur və ən əsası, "Azərbaycan məsələsi rus məsələsindən əvvəl həll edilə bilməz".
Bununla da o illərdə ABŞ-nin irəli sürdüyü bu ideyanı ovaxtkı Moskva bir-bir həyata keçirdi. Belə bir vəziyyət isə minlərlə insanın qətli, sürgünü və başqa milli faciələrlə nəticələnmişdi.
ATƏT-in Minsk qrupu və həmsədrlikdə də ABŞ təmsil olunub. Habelə, Ştatlar Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin lehinə səs vermişdi. Ancaq həmin sənədlər reallaşmadı.
Həmsədrlər isə torpaqlarının işğalı ilə razılaşmaq üçün rəsmi Bakıya təzyiqlər ediblər. Başqa bir məqam isə torpaqları işğal olunan, milyona yaxın vətəndaşı məcburi köçkün düşən, müstəqilliyinin yeni bərpa etmiş, demokratik inkişaf və Qərbə inteqrasiya yolunu tutan Azərbaycana qarşı "Azadlığa dəstək aktı" çərçivəsində "907-ci düzəliş"in tətbiq olunması daha acınacaqlı idi. Bu sənədi hazırlayanlardan biri erməni lobbisinin sevimlisi, sonralar prezident olmuş Cozef Bayden idi. ABŞ-Azərbaycan münasibətlərinin korlanmasına ən böyük töhfə də məhz onun prezidentliyi dövründə olub.
Bu ilin yazında isə Donald Tramp "Azadlığa dəstək aktı"nın 907-ci maddəsinin ləğv müddətinin uzadılması haqqında memorandum imzalayıb. Prezident İlham Əliyev buna görə ABŞ liderinə təşəkkür də edib.
Ona görə də Prezident İlham Əliyevin amerikalı həmkarı Donald Trampın fəaliyyətinə verdiyi məlum qiymətin daha geniş məsələni əhatə etdiyi istisna olunmur.
Donald Tramp rəsmi Bakının dəfələrlə tənqidinə məruz qalmış BMT-nin bu kimi məsələlərdə fəaliyyətsizliyini vurğulayıb. O əfsusluqla bildirib ki, sülh yaratmaq missiyasını BMT-nin əvəzinə icra edib. Tramp bütün hallarda Təşkilatın ona heç bir hadisədə kömək etməyə cəhd belə etmədiyini vurğulayıb: "BMT-dən razılaşmaların bağlanmasına kömək etmək təklifi ilə bir telefon zəngi belə almadım".
ABŞ lideri "belə olan halda, Birləşmiş Millətlər Təşkilatı nə üçün mövcuddur?" qənaətinə gəlib. Trampın mövqeyi bu baxımdan da Azərbaycanla oxşardır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da BMT-nin tədbirində çıxışı zamanı Azərbaycanla Ermənistan arasındakı sülh prosesini dəstəklədiklərini qeyd edib. O, Cənubi Qafqazla bağlı mövqelərinin son dərəcə aydın olduğunu vurğulayıb: "Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın ortaya qoyduqları həll iradəsini təqdir edir və dəstəkləyirik".
Rəcəb Tayyib Ərdoğan ölkəsi ilə Ermənistan arasında münasibətlərin nizamlanması prosesində irəliləyişin qeydə alındığını da bəyan edib.
Azərbaycan 44 günlük müharibə nəticəsində Cənubi Qafqazın bütün istiqamətlərdə imicini dəyişib. Onun fəaliyyəti Ermənistanın reallıqla hesablaşmasına, saxta və uydurma ideyalardan əl çəkməsinə də yol açıb. Rəsmi Bakı altı ay ərzində həmsədr dövlətlərə, o cümlədən beynəlxalq ictimaiyyətə də reallığı nümayiş etdirib.
Ermənistanın qondarma soyqırım iddiasının beynəlxalq səviyyədə tanınması iddiasından imtina etməsi Azərbaycan və Türkiyənin regional məsələlərə bir mövqedən yanaşmalarına nümunələrdəndir.
Azərbaycan sülh təşəbbüsü ilə çıxış etməklə yanaşı, həm də münasibətlərin normallaşması istiqamətində təkliflər paketini irəli sürdü. 2025-ci il avqustun 8-də Vaşinqtonda Prezident İlham Əliyevin Prezident Donald Tramp və Baş nazir Nikol Paşinyanla görüş çərçivəsində "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş" layihəsi paraflandı. Bununla da Bakı ilə İrəvan arasında yeni dövrün əsası qoyuldu. ABŞ və Ermənistan arasında Zəngəzur dəhlizi (TRIPP) layihəsi üzrə Çərçivə sazişi imzalanıb.
Azərbaycan ərazisindən Ermənistana tranzit yolla neft məhsulları, taxıl, tikinti materialları və başqa malların ötürülməsi rəsmi Bakının sülh çağırışlarının, əməllərinin real nəticələridir.
Altı aya sülhün əldə edilməsi tərəflər arasında işçi qrupun fəaliyyətinə təkan verir. İki ölkə rəsmilərinin biri-birinin ərazisində görüşlər keçirməsinin adiləşməsi də həmin prosesin bəhrəsidir.
Qeyd edək ki, bir il əvvəl – 2025-ci il sentyabrın 19-21-də Bakıda keçirilən 3-cü Beynəlxalq Təhlükəsizlik Forumuna da Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın başçılıq etdiyi Ermənistan nümayəndə heyəti qatılmışdı.
Bu kimi tədbirlər tərəflər arasında etimad mühitinin yaranmasına şərait yaradır.
Ötən ilin avqustundakı Vaşinqton görüşündə Donlad Tramp bildirmişdi ki, Azərbaycan və Ermənistan 30 il döyüşüblər, "indi dost olurlar və uzun müddət dost qalacaqlar".
Azərbaycan Prezidenti isə ona təşəkkür edərək demişdi: "Trump olmasaydı, bəlkə də Azərbaycan və Ermənistan hələ də sonsuz danışıqlar aparırdı. Cənab Tramp Qafqaza sülh gətirir".
Dövlət başçısı "altı aya sülh" ifadəsi ilə həm də aparıcı gücləri həqiqəti müdafiə etməyə çağırmışdı. Təəssüf ki, onlar az qala 30 il ərzində bunu etməmişdilər. Bütün hallarda Tramp Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin başlaması istiqamətində möcüzəvi addım atıb...(Report)


