Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində keçirilən İddiaçılar Turnirində II yer tutduğuna görə ən azı 81500 avro qazanıb.
Oxu.Az xəbər verir ki, turnirin ümumi mükafat fondu 420 min avrodur.
Şəhriyar Məmmədyarov və Sergey Karyakin 8 xal toplayaraq turnirin qalibi Fabiano Karunadan 1 xal geri qalıb. Turnirin reqlamentinə əsasən, mükafat fondunun bölünməsi nəticəsində əlavə göstəricilər nəzərə alınmır. Məbləğ, sadəcə, ikiyə bölünür. Reqlamentə görə, turnirdə II yeri tutan şəxsə 88 min avro, III yerə isə 75 min avro mükafat nəzərdə tutulub.
Bununla da Məmmədyarov və Karyakin öz aralarında 163 min avronu bölüblər, yəni hər iki idmançı 81500 avro (171 916 manat) qazanıb. Bu məbləğə vergi tətbiq olunmur.
Bu arada turnirin qalibi 95 min avro mükafat əldə edib. Bundan əlavə, turnirdə iştirak edən şahmatçılar tədbirin yayımından əldə olunan gəlirin 10%-ni də əldə edəcəklər.