İmişli DSMF-nin müdiri İntiqam Əliyev artıq əsəblərinə hakim ola bilmir

"İntiqam Əliyev hətta anadangəlmə əlil olan şəxsə belə əmək stajı yazmağı gözə alır."

BakuNews.az-a daxil olan məlumata görə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İmişli rayon şöbəsinin müdiri İntiqam Əliyev olduqca narahatdır. Mənbənin verdiyi məlumata görə İmişli şəhər Həzi Aslanov küçəsi 3 ünvanında yerləşən DSMF-nin inzibatı binasında tez-tez şöbə müdirinin həyacanlı səsi eşidilməkdədir. Məlumatda o da bildirilir ki, şöbə müdiri artıq əsəblərinə hakim ola bilmir. Ətrafındakılarla kobud danışan İ.Əliyev bu münasibəti şöbəyə müraciət edən vətəndaşlara da göstərir. Xatırladaq ki, İ.Əliyevin kobud rəftarı ilk dəfə deyil. Ötən il mətbuatda İntiqam Əliyevin özbaşınalıqları haqqında geniş məlumatlar dərc edilmişdi. Və bu cür özbaşınalıqların səbəbi olaraq bəzi şəxslər fondun yerli şöbəsindən istefa vermişdi. Fondun bu sahədə ən peşəkar mütəxəsislərindən olan Zaur Şirinov, müfəttişlərdən Ərəstun Məmmədov İ.Əliyevin idarəçilk üsuluna etiraz olaraq istefa əzrizələrini yazaraq işdən getmişdilər. Mənbənin məlumatına əsasən istefaların səbəblərindən biri də İntiqam Əliyevin qanunsuz tələbləri olub. Qəribədir ki, hələ də ƏƏSMN-də İntiqam Əliyevin əməllərini ört-basdır edən qüvvə var. İntiqam Əliyevin başqa bir himayədarının isə PA-nın mühafizə xidmətində çalışdığını deyən mənbə, əlavə olaraq bildirdi ki, məhz bu müdafiənin nəticəsi olaraq İntiqam Əliyev hətta anadangəlmə əlil olan şəxsə belə əmək stajı yazmağı gözə alır. Bundan başqa İntiqam Əliyev rayondakı restoranların və şadlıq evlərinin rəhbərləri ilə dil taparaq, çalışan işçilərin bir qismini də DSMF-də qeydiyyata almaqla həm onlara, həm də özünə "şərait" yaradır. Şikayətçilərdən birinin söylədiyinə görə Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin, ünvanlı sosial yardım və sosial pensiya şöbəsinin inspektoru Bakir Məmmədovun rüşvətalma faktından sonra belə bu şəxsi vəzifədə saxlaması əslində İntiqam Əliyevin idarəçilik formatının tam əyani göstəricisidir. "Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır" - bu sözlər cənab Prezidentə məxsusdur. Əgər ƏƏSMN-nin əməkdaşlarından biri təğyiri - libas olub, İmişli DSMF-nin inzibati binasına gəlsə o zaman "vətəndaşa xidmət"in İnitqam Əliyevsayağı formasına şahid olar.

Mövzuya qayıdacağıq.
Redaksiya yazıda adı çəkilən təşkilat və şəxslərində münasibətlərini dərc edə bilər.