Bakı ŞİH Mənzil Kommunal Təsərrüfatı Departamentində Vidadi Əliyev kabusu

Hacıbala Abutalıbov şöbə müdirinin özbaşınalığına niyə susur?

Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə rəhbərlik edənlərin özbaşınalığı və vətəndaşları təhqir etməsi ilə bağlı faktlar Realliq.info saytında dərc olunmuşdu. Maraqlıdır ki, Departamentdə şöbə rəisi vəzifəsini tutan Vidadi Əliyevin qanunsuz və çirkin əməllərini ifşa edən faktlar, eləcədə video görüntülər, Bakı şəhər icra hakimiyyəti başçısı Hacıbala Abutalıbovu narahat etməyib.

İcra başçısı tabeliyində olan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentində tüğyan edən məmur özbaşınalığına biganə münasibət göstərməsinin səbəbini anlamaqda çətinlik çəkirik. Lakin, Realliq.info – ya daxil olan məlumatda bildirilir ki, şöbə rəisi Vidadi Əliyevə qanunsuz səlahiyyət verən şəxs icra başçısının özüdür. Hacıbala müəllimin gizli kassası sayılan bu məmurun şəhərin bir sıra rayonlarında obyekt sahibinə çevrilməsi təsadüfi hadisə deyil.

Departamentdə işçi kollektivinin də qənimi olan məmurun son günlər daha səlahiyyətli şəxsə çevrilməsi narazılıqların yaranmasına səbəb olur. Bundan başqa Vidadi Əliyevin yaxınlarına, qohumlarına yaratdığı şərait diqqətdən yayınmır.

Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə müraciət edən vətəndaş və ya iş adamlarını V.Əliyev qəbul edir. Vidadi müəllimə göstərilən “hörmət”dən sonra müraciətlərə müsbət cavab verilir. Departamenti şəxsi mülkünə çevirən məmurun yığıncaqlarda özünü Hacıbala Abutalıbovun qohumu adlandırması verilən səlahiyyətin və olunan şikayətlərin cavabsız qalmasının səbəblərini ortaya qoyur.

Bir məmurun iş admalarını əxlaqsız ifadələrlə təhqir etməsi və rəhbər vəzifəlilərin bu kimi faktlara biganə qalması hamını narahat edir. Və təbii ki, belə olan halda Vidadi Əliyevin daha çirkin əməllərinə şərait yaradılır. Realliq.info – nun təqdim etdiyi video görüntülərdə bir daha məmurun qanunları pozaraq insanların şərəf və ləyaqətini necə alçaltdığını təsdiq edir. Amma cəzasızlıq mühiti Vidadi Əliyev kimi məmurların aparılan siyasətə qarşı olduğunun fərqindəyik.

Departamentdə çalışanlarla söhbət zamanı da aydın olur ki, V.Əliyevin çəkinəcək yeri yoxdur. Onun tabeliyində olan işçilərin sadə narazılığı adıçəkilən məmurun qəzəbinə səbəb olur. Nəticədə işsiz qalmaq təhlükəsi ilə üzləşən insanlar susmağa üstünlük verirlər.
Bəs Vidadi Əliyev kimdir? Ölkənin qanunlarını tanımayan bu məmuru Hacıbala Abutalıbov niyə səlahiyyət sahibinə çevirib? Bu kimi suallara cavab tapmaq aidiyyatı qurumların borcudur.

AzBaku.info olaraq Vidadi Əliyevin özbaşınalığını və əxlaqa zidd əməllərini təsdiq edən videonu bir daha təqdim edirik: