Mehriban Əliyeva İtaliya Senatının nümayəndə heyəti ilə görüşüb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu gün İtaliya Senatının sədr müavini Linda Lanzillottanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AzBaku.info APA-ya istinadən verdiyi xəbərinə görə, Mehriban Əliyeva Azərbaycana göstərilən dostluq münasibəti və diqqətə görə İtaliya Senatının sədr müavini Linda Lanzillottaya minnətdarlığını bildirib. Bu il Azərbaycan ilə İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd olunduğunu deyən Mehriban Əliyeva ölkələrimiz arasında uğurlu, ikitərəfli maraqlara cavab verən münasibətlərin mövcudluğunu məmnunluqla qeyd edib.

Əməkdaşlığın bir çox sahələri – siyasi, iqtisadi, humanitar sahələri əhatə etdiyini və əlaqələrin inkişaf etdiyini deyən Azərbaycanın Birinci vitse-prezidenti ölkəmizin Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verdiyini vurğulayıb, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində rolunun daha da artacağını diqqətə çatdırıb. M.Əliyeva bildirib ki, İtaliya da TAP layihəsinə qoşularaq bu sahədə Azərbaycan ilə çox uğurlu əməkdaşlıq edir. Mehriban Əliyeva Trans-Adriatik (TAP) boru kəmərinin inşası ilə bağlı bu günədək işlərin 60 faizinin görüldüyünü deyərək kəmərin vaxtında istifadəyə veriləcəyinə ümidvar olduğunu bildirib.

İtaliya ilə münasibətlərin bir çox sahələrdə inkişaf etdiyini, eyni zamanda, potensialın daha böyük olduğunu xatırladan Azərbaycanın Birinci vitse-prezidenti gələcəkdə bu potensialdan daha səmərəli istifadə olunacağına əminliyini ifadə edib. M.Əliyeva qeyd edib ki, humanitar sahədə ölkələrimizi və xalqlarımızı bir-birinə daha yaxın edən layihələr reallaşa bilər.

İtaliya Senatının sədr müavini Linda Lanzillotta Azərbaycanla münasibətlərin inkişafında İtaliyanın maraqlı olduğunu vurğuladı.
Sosial səhifələrdə paylaş