Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı münasibətilə ABŞ-da məşhur və geniş auditoriyaya malik olan "Con Batçelor Şou" radio verilişi canlı yayımda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovdan müsahibə alıb.
AzBaku.info apa-ya istinadən Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən xəbərə görə, müsahibə zamanı aparıcı Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə təbriklərini çatdıraraq, 850 km məsafəni əhatə edən bu dəmir yolunun Azərbaycan, Gürcüstan və Türkiyə ilə yanaşı bütövlükdə regionun inkişafına töhfə verəcəyini diqqətə çatdırıb və bu üç ölkənin birgə necə uğurlu əməkdaşlıq etməsinə dair sual ünvanlayıb.
Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığın regionun digər ölkələri üçün örnək olduğunu deyən diplomat bunun könüllü surətdə və heç kimin təsiri olmadan baş verdiyini və hər üç ölkənin və xalqların maraq və rifahına xidmət etdiyini vurğulamışdır. Tarixi İpək Yolun yenidən canlandırılmasında mühüm bağlantı olan Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimində Azərbaycan və Türkiyənin Prezidentləri ilə yanaşı Gürcüstan, Qazaxıstan və Özbəkistanın Baş nazirlərinin, Türkmənistan və Tacikstanın nazirləri və digər ölkələrin rəsmilərinin iştirak etdiyi və bu faktın özü-özlüyündə layihənin region üçün nə dərəcədə əhəmiyyətli olmasının göstəricisi olduğu bildirilmişdir. Fikrin davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi bir çoxlarının Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə inanmadıqlarını və onu reallaşmasını qeyri-mümkün hesab etdirklərini söyləyən səfir bunun üç ölkə arasındakı dostluq və qardaşlığın nəticəsi olduğunu ifadə etmişdir.
Daha sonra aparıcı Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən bəhs etmişdir. İlk olaraq, ildə 1 milyon sərnişin və 6,5 milyon ton yük daşımaq potensialına malik həmin yolun Avropa və Asiya bazarlarını bir-birinə bağladığını deyən aparıcı üç ölkə arasında bu sahədə əməkdaşlığın ilk dəfə həyata keçirildiyinə dair növbəti sualını səsləndirmişdir.
E.Süleymanov Azərbaycan, Gürcüstan və Türkiyənin əvvəlki dövrlərdə birgə enerji sahəsində, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi mühüm əhəmiyyətə malik olan layihələr həyata keçirdiklərini və hazırda Avropanın ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizinin inşası üzərində işlədiklərini vurğulamışdır. O, Bakı-Tbilisi-Qars dəmir yolunun isə qeyri-enerji sektorunda ilk belə irimiqyaslı layihə olduğunu söyləmişdir. Fikrin davamı olaraq, səfir ABŞ və Avropa İttifaqının da bu dəmir yolunu dəstəklədiyini və rəsmi açılış münasibətilə bəyanat verdiyinə diqqət yönəldərək, Avropa İttifaqının bəyanatında həmin dəmir yolunun Şərq Tərəfdaşlığı, eləcə də Mərkəzi Asiya strategiyasının mahiyyətinə uyğun gəldiyinin ifadə edildiyini söyləmişdir.
Yekunda aparıcı Bakı-Tbilisi-Qars dəmir yoluna ABŞ tərəfindən göstərilən dəstək, habelə onun region ölkələri ilə bu sahədə praktik əməkdaşlığa marağının artmasına toxunaraq, bu xüsusda, ABŞ-ın İxraca Nəzarət və Sərhəd Təhlükəsizliyi proqramı çərçivəsində həm Azərbaycan, həm də Gürcüstanda gömrük və sərhəd keçid məsələlərinə həsr olunmuş təlimlərin təşkil edildiyini qeyd etmiş və ABŞ üçün Azərbaycanın strateji əhəmiyyətinə dair növbəti sualını ünvanlamışdır.
Səfir Azərbaycanın əlverişli coğrafi mövqeyə malik olduğunu, ölkəmizin qədim İpək Yolunun mühüm hissəsi olmaqla, şərq-qərb və şimal-cənub yollarının kəşiməsində yerləşdiyini, eləcə də mühüm enerji layihələrinin təşəbbüskarı və müəllifi olduğunu, NATO-nun Şimal Təchizat Şəbəkəsi çərçivəsində ABŞ ilə yaxından əməkdaşlıq etdiyini vurğulayaraq, ölkəmizin ABŞ ilə əlaqələrinə böyük diqqət yetirdiyini və bu əlaqələrin inkişafının hər iki tərəf üçün faydalı olduğunu qeyd etmişdir.
Müsahibənin tam versiyasını https://player.fm/series/the-john-batchelor-show/azerbaijan-starts-the-silk-road-of-iron-rails-elinsuleymanov internet səhifəsindən əldə etmək olar.
Qeyd edək ki, Con Batçelor Şou gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr olunur, ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil müxtəlif ştat və şəhərlərdə geniş çeşidli radio kanallar tərəfindən həm canlı, həm də audio yazısı geniş yayımlanır. Həftənin hər günü yayımlanan bu şou ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.