Azərbaycan ordusu bu günlərdə Ermənistanla sərhədin Naxçıvan istiqamətində neytral zona boyu irəliləyərək böyük ərazini nəzarətə götürüb.
AzBaku.info Virtualaz.org-a istinadən xəbər verir ki, bu məlumatı erməni tərəfi açıqlayıb.
Azərbaycan ordusunun Naxçıvan istiqamətdə irəliləyərək böyük ərazini nəzarətə götürməsi Ermənistanda silahlı qüvvələrin yeni Baş qərargah rəisinin təyinatı ətrafında gedən polemikada ortaya çıxıb. "Hetq” internet nəşrinin baş redaktoru, hərbi reportyor Edik Bağdasaryan bu vəzifəyə 5-ci ordu korpusunun komandanı, general-mayor Artak Davtyanın təyin olunmasını tənqid edərək baş nazir Nikol Paşinyanın bu qərarını anlamadığını bildirib.
"Hətta Artak Davtyanın bundan əvvəl 5-ci ordu korpusunun komandanı təyin edilməsi ən azından Azərbaycan və Ermənistan sərhədinin Naxçıvan istiqamətində son günlər baş verənlərə görə təəccüb, anlaşılmazlıq doğurur (5-ci korpus Ermənistanın Naxçıvanla sərhəd istiqamətinə cavabdehdir - red.). Neytral sahədə azərbaycanlılar öz mövqelərini irəli çəkməyə və böyük əraziləri nəzarət altına almağa nail olub”, - Edik Bağdasaryan bildirib.