Kiprin Larnaka şəhərində taekvondo üzrə gənclər arasında Avropa birinciliyinə start verilib. Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, yarışın ilk günü yığmamız üçün uğurlu alınıb.
AzBaku.info apa-ya istinadən xəbər verir ki, 45 kq çəki dərəcəsində mübarizəyə qatılan Bəhruz Quluzadə rəqiblərinə şans verməyərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finaladək Belçika (28:17), Böyük Britaniya (14:9), Rusiya (11:3) və Gürcüstan (10:10, qızıl xal) təmsilçilərini yarışdan kənarlaşdırıb. Həlledici döyüşdə rusiyalı Dmitri Şişkoya da qalib gələn həmyerlimiz yarışın qızıl medalını qazanıb.
Bununla da, Quluzadə Avropa birinciliyində ikinci dəfə çempionluq sevinci yaşayıb. O, 2015-ci ildə yeniyetmələr arasında Fransada təşkil edilən yarışda da fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.
Qeyd edək ki, sayca 21-ci olan Avropa birinciliyi noyabrın 5-də başa çatacaq. Yarışda yığmamız 18 (10 oğlan və 8 qız) taekvondoçu ilə təmsil olunur.