Saleh Məmmədov Mikayıl Müşfiqin ruhunu niyə rahat buraxmır? – “Qisas”, yoxsa məsuliyyətsizlik?
Dəyərli oxucularımız yəqin ki, Saleh Məmmədovun rəhbərlik etdiyi qurum tərəfindən yol təmiri adıyla Mikayıl Müşfiqin abidəsinin dağıdılması epizodunu yaxşı xatırlayırlar. O zaman dövlət başçısının müdaxiləsi olmasaydı, görkəmli şairin abidəsi məhv ediləcəkdi. 29 yaşında dünyasını dəyişən və 15-20 dəqiqə çəkən məhkəmənin hökmü ilə ölümə məhkum edilən Müşfiqin ruhu yenidən Saleh Məmmədovun qəzəbinə tuş gəlib. 30-cu illərin sonlarında Mikayıl Müşfiqə qarşı yönələn hücumlar müasir zəmanəmizdə naşı məmurların savadsızlığı və məsuliyyətsizliyi ucbatından fərqli formada davam edir. Müşfiqin heykəlinin dağıdılmasından sonra Saleh Məmmədov güclü ictimai qınaqla rastlaşdı və insanların qəzəbinə tuş gəldi. Bu məsələdə heç bir günahı olmayan bir neçə işçisini güdaza verməklə canını qurtaran Saleh Məmmədov deyəsən Mikayıl Müşfiqdən qisas almağı qarşısına məqsəd qoyub. Qaradağ rayonunda Mikayıl Müşfiqin adını daşıyan böyük bir qəsəbə var. Xatırladaq ki, bu qəsəbə Bakı-Şamaxı magistral yolunun kənarında yerləşir. Həmin magistral yoldan Müşfiq qəsəbəsinə dönən hissədə quraşdırılmış yol nişanında Mikayıl Müşfiqin adı təhrif olunub, yəni Müşfiq adı Müşviq formasında qeyd edilib.