Biləsuvar Maliyyə İdarəsi rəisi Eldar Təhməzov barəsində Maliyyə Nazirliyinə, Hesablama Palatasına, hüquq-mühafizə orqanlarına və Prezident Administrasiyasına məktublar ünvanlanıb.
Bu barədə feysbukdakı şərhlərin birində qeyd olubur ki, maliyyə rəisinin dosyesi onu bitirə bilər. Çünki E.Təhməzovun ayağında külli miqdarda yeyinti olduğu iddia edilir.
Bu vəsaitlərin mənimsənilməsində Biləsuvar icra hakimiyyəti başçısı Mahir Quliyevin də az əməyi yoxdur. Amma məsuliyyət maliyyə rəisinin üzərindədir.
Bildirilir ki, son illərdə şişən maliyyə əməliyyatları, büdcədən təşkilatlara ayrılan pulların şişirdilməsi ciddi qanun pozuntusu kimi qeydə alınıb.
Bu da Təhməzovun barəsində araşdırmalara səbəb olub. İcra başçısı isə onu qorumağa çalışır. Sadəcə, özünü məsuliyyətdən yayındırmağa can atır.
E.Təhməzov dövlət müəssisələrinə ayrılan vəsaitləri istədiyi kimi bölüşdürür, kimə nə qədər çatacağını özü müəyyənləşdirir. Maliyyə rəisinə bu qədər geniş səlahiyyətlər verən isə rayon rəhbərliyi olub.
Təşkilatlar büdcədən təyinatı üzrə ayrılan vəsaitləri tam ala bilmirlər, alanda da yalnız E.Təhməzovun “qıydığı” qədərində almaq mümkündür. Bu isə ayrılan pulların yarısına bərabərdir.
E.Təhməzov yol idarə müdirlərini, məktəb direktorlarını, kommunal idarələrin rəhbərlərini boğaza yığıb.
Maliyyə Nazirliyi, Hesablama Palatası və eləcə də Prezident Administrasiyası tərəfindən kiçik bir təftiş aparılsa, maliyyə idarəsində nələr baş verdiyi aydınlaşa bilər.
Rayonda “İstilik”, “Bəyaz 2” MMC, “Dələli 17” MMC-yə xəstəxana, məktəb və s. obyektlərin təmir-tikintisi üçün ayrılan vəsaitlər çırpışdırılıb, smeta dəyəri şişirdilib.
Bu maliyyə qanunsuzluqlarını başında M.Quliyevlə E.Təhməzovun dayandığı bildirilir. Bu pulların həqiqətən təmirə xərcləndiyi bilinmir.
“Biləsuvar rayonunda “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan 5 tədbir vaxtında başa çatdırılmayıb.
Bundan əlavə, 2017-ci ilin yanvar ayına qədər bu rayonda böyük yeyinti faktları aşkarlanıb ki, bunda da yerli RİH-in iştirakı müstəsnalıq təşkil etməkdədir.
Bu isə yuxarı dairələrdə ciddi narazılığa səbəb olub və Mahir Quliyevin vəzifəsinə xitam verilməsi qərarlaşdırılıb.
İddiaya görə, bu gün icra başçısının rəhbərlik etdiyi rayonun idarəçiliyində yol verdiyi ciddi nöqsanlar Biləsuvarın təhsil, səhiyyə, mədəniyyət və sosial müdafiə kimi strateji əhəmiyyət kəsb edən sahələrini acınacaqlı bir duruma gətirib.
Biləsuvar rayonuna kifayət qədər böyük məbləğdə dövlət vəsaitləri ayrılsa da rayonda ciddi heç bir iş görülmür.
Buna görə də icra hakimiyyətinin fəaliyyətindən ciddi narazılıqlar var. Biləsuvar rayonunda məmur özbaşınalığı səngimir, əksinə hər gün demək olar ki, vətəndaşların hüquqları pozulur.
Rayonun bəzi hissələrinin abadlaşması işində yerli iş adamlarının köməyindən istifadə olunur. Sahibkarlar bu işi könüllü şəkildə yox, məcburiyyət qarşısında həyata keçirirlər.
Rayon rəhbərliyi hər bir sahibkara müəyyyən işlər tapşırır. Kim bu tapşırıqları yerinə yetirməkdən imtina edirsə, ona qarşı təzyiq üsullarından istifadə olunur.
İcra hakiminin özbaşına əməllərinə etiraz edən bəzi şəxslər obyektlərini bağlayıb rayonu tərk ediblər. Başçı rayonda sahibkarlığın inkişafına ciddi əngəl yaradır.
Ancaq bu gedişlə onun halqası daralmaqdadır. Diasporla iş üzrə dövlət komitəsinin keçmiş sədri Nazim İbrahimovun “vurulması” ona qohum olan M.Quliyevin işini çətinləşdirib. N.İbrahimova yaxın kadrlar vəzifələrdə saxlanmayacaq.(Realmedia.az)