Cəlilabadlılar Prezident Administrasiyası önündə Özbaşınalığa qarşı aksiya keçirəcəklər - Məlumat

Prezident İlham Əliyev: Mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi demişəm, bu gün də deyirəm. Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın: məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır – özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır. Məmur bax belə, dediyim kimi olmalıdır.

Mən hər bir dövlət məmurunu təyin edəndə və ya icra başçısını başqa vəzifəyə qəbul edəndə də göstərişlər verirəm ki, get, insanlara qulluq elə, xidmət elə, dövlətə xidmət elə, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar və onların da cəzası verilir və veriləcəkdir. Biz bütün bu işləri görürük ki, Azərbaycanda inkişaf hərtərəfli və sürətli olsun, xoşagəlməz hallara son qoyulmalıdır”.

Hər dəfə çıxışlarında məmurlara, “ məmur xalqın xidmətçisidir, şəxsən mən Prezident olaraq, xalqın birinci xidmətçisiyəm, məmurlar özlərini sadə, tərbiyəli aparmalıdır, xalqı incidən məmurları ağır şəkildə cəzalandıracağam” və sair xəbərdarlıqlarına baxmayaraq, nəinki o məmurlar xalqa xidmət etmirlər, əksinə bəziləri xalqa hələ də divan tutmaqda davam edirlər.

Quba, İsmayıllı, Mingəçevir, Gəncə hadisələrindən dərs almayan, xalqı siyasi hakimiyyətdən narazı salan məmurlardan biri də, Cəlilabad rayon Üçtəpə Kənd İcra Nümayəndəsi Namiq Yarıyevdir. Əlində səlahiyyəti olan, qohum-əqrabalarına torpaqlar bağışlayan, rəsmi, qeyri-rəsmi kəndin balansında olan torpaqları zəbt edən bu şəxs, vəziyyəti o həddə çatdırıb ki, camaat həmin kənddən qaçmaq istəyir.

Ona bu “işlərində”, qohumları Yarıyev Murad, Yarıyev Ramil, Yarıyev Kamal, Yarıyev Elçin, Yarıyev Sadıq “yaxından köməklik” edirlər.

Kənd sakini Dünyamalıyev Əkbər Yolçu oğlu 30 illik həyətyanı sahəsinin, icra nümayəndəsinin əmisi oğlu Yarıyev Murad Sadıq oğlu tərəfindən zəbt olunmasına etirazını bildirib. Yazığın qara günləri də elə o andan, söz ağzından çıxan kimi başlayıb. İcra nümayəndəsinin əmisi oğlu Murad, sözünü bitirməmiş şillə-təpiklə Əkbəri xəstəxanalıq edib. Əkbərin ailə üzvləri hadisədən xəbər tutan kimi onu, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Əkbəri ölümcül döyən Murad, “ideya müəllifi, başbiləni” Namiqin göstərişi ilə özünü Əkbərdən qabaq xəstəxanaya “yıxa” bilib. Əkbər xəstəxanada onu döyən Muradı və onun qohumlarını görəndə təəccüblənib. Çünki, döyülənin özü olduğu halda, döyənin xəstəxanada nə işi olduğunu anlamayıb. O, yeni bir qarşıdurma olmasın deyə, ailəsinə, qohumlarına xəstəxanaya girməmələrini, çöldə gözləmələrini tapşıraraq, içəri daxil olub.

Yarıyevlər Əkbəri görən kimi, bir daha hər kəsin gözü qarşısında onu yumruqlamağa, təpikləməyə döyməyə başlayıblar. Qoçu dəstəsinə icra nümayəndəsi Namiq Yarıyev şəxsən rəhbərlik edib. Acınacaqlı hallardan biri də odur ki, bütün bunlar baş həkim İlhamın gözü önündə baş verib. İcra nümayəndəsi Namiqə olan “hörmətindən” dolayı nəinki bu haqda polisə məlumat verməyib, hətta onu tibbi yardım belə göstərmədən xəstəxanadan qovdurub. Əkbər şikayət etmək üçün polis şöbəsinə gedib. Orada da, ona hazırda “vaxtlarının olmadığını”, sabah gəlməyi məsləhət görüblər. Sabah da başqa bəhanələrlə “yola” veriblər. Əkbər dəfələrlə Daxili İşlər Nazirliyinin “102” məlumat bürosuna bu haqda məlumat verib. Lakin nazirlik də, döyülən vətəndaşa hansısa bir köməklik göstərməyib.

İndi əlacsız qalan vətəndaş nə edəcəyini bilmir. İcra nümayəndəsinin qohumlarının qorxusundan başqa rayonda gizlənir. Çünki Yarıyevlər onu ölümlə hədələyiblər. Onun ailəsi basqı altındadır. Belə ki, qoçu yarıyevlər onun evinin ətrafında adamlar qoyaraq, gedib-gələnlərə “nəzarət” edirlər.

Azərbaycanın müxtəlif bölgələrində məmur özbaşınalıqlarının sonunu, vətəndaş-məmur münasibətlərində kobudluğun, aqressiyanın sonunu, xalqı hakimiyyətə qarşı qaldırmağın aqibətini hər kəs görüb. Aydın görünən odur ki, Üçtəpə Kənd İcra Nümayəndəsinin bu özbaşınalıqlarını rayon rəhbərliyi də yaxşı bilir. Hətta, Cəlilabad Rayon İcra Hakimiyyətinin Başçısı Namiq Zeynalov öz sevimli “nümayəndəsini”, rayon hüquq-mühafizə orqanlarına elə “tapşırıb” ki, heç kim bu qoçü nümayəndəyə “gözün üstə qaşın var” demir. Qeyri-rəsmi “səlahiyyətlərindən” istifadə edən Namiq isə, Üçtəpə kənd sakinlərinin başına olmazın müsibətlərini açır və sakinləri Prezident Administrasiyasına yürüş etməyə vadar edir.

P.S. Bu məmur özbaşınalığı ilə bağlı məlumat əldə etdik ki, vəhşicəsinə döyülən, şəxsiyyət və mülkiyyət hüquqları kobudcasına tapdanan Əkbər Dünyamalıyevin ailəsi, yaxınları Prezident Administrasiyasının qarşısında aksiya keçirməyi, qarşılaşdıqları bu özbaşınalıqlara son qoyulmasını tələb etməyə hazırlaşırlar.

Biz də "Araz Media" olaraq inanırıq ki, Cəlilabadda davam edən bu özbaşınalığa Prezident Administrasiyası son qoyacaq və mütləq şəkildə Cəlilabad sakinlərini hakimiyyətə qarşı qaldıran harın icra nümayəndəsi Namiq Yarıyev, onun qudurğan qohumları cəzalandırılacaq.

Döyülən Əkbər Dünyamalıyevin fotoları.

Yazıda adı keçən şəxs və qurumun münasibətini dərc etməyə hazırıq.
Arazmedia.az
Cəlilabadlılar Prezident Administrasiyası önündə Özbaşınalığa qarşı aksiya keçirəcəklər - Məlumat
Cəlilabadlılar Prezident Administrasiyası önündə Özbaşınalığa qarşı aksiya keçirəcəklər - Məlumat