O, bu hərəkətlərini çılğınlıq adlandırıb və "cavanlıq" etdiyini deyib
Ötən gün "Sosial şəbəkələrdə avtoxuliqanlıq təbliğ edilir" başlıqlı yazı dərc etmişdik. Yazıda bildirildi ki, özünü "Ağdamlı Faiq" kimi təqdim edən şəxs saxta profil vasitəsi ilə "facebook"un canlı yayımında avtoxuliqanlıq edir.
O, canlı yayım zamanı avtomobillərin intensiv hərəkət etdiyi yola çıxaraq təhlükəli manevrlər etməyə başlayır. Üstəlik, saatda 160 kilometrdən artıq sürətlə gedərkən, özünün də dediyi kimi ''bir əlində telefon, bir əlində sükan'' olur.
O, bu hərəkətləri edə-edə izləyicilərinin suallarını da cavablandırır və özünə haqq qazandırmağa çalışır.
"Ağdamlı Faiq" bu hərəkətləri mütəmadi şəkildə etdiyini deyir. Açıq şəkildə avtoxuliqanlığın təbliği ilə məşğul olan şəxsin əsas izləyiciləri isə azyaşlılar və gənclərdir. Gənclərin suallarını cavablayan Faiq öz "məharətindən" ağız dolusu danışır. Hətta bir dəfə canlı yayımda qəza etdiyini də deyir.
Qeyd edək ki, bu görüntülər Ağdamda qeydə alınıb. Hadisə ilə bağlı Ağdam rayon Yol Polisi Şöbəsindən Avtsfer.az-a bildiriblər ki, məlumat efirə gedəndən 10 dəqiqə sonra həmin şəxs aşkarlanıb. Onun barəsində toplanmış materiallar Ağdam rayon məhkəməsinə göndərilib. Sabah (həftənin bazar ertəsi) sürücü barədə məhkəmə qərar qəbul edəcək. Qeyd edək ki, sürücü və atası Ağdamda kondisioner ustasıdır. O, bu hərəkətlərini çılğınlıq adlandırıb və "cavanlıq" etdiyini deyib.