Mingəçevirdə avtomaşınla xuliqanlıq edən şəxs saxlanılıb.
Bu barədə rayon sakinləri məlumat veriblər.
Onlar deyiblər ki, saxlanılan şəxs Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayevin qardaşı oğludur.
Yol polisindəki mənbə isə bildirib ki, belə bir hadisə baş verib, amma ictimaiyyətdən gizli saxlamağa çalışırlar:
“Mingəçevirdə anadan olmuş və hazırda şəhərin A.Ələsgər küçəsi, ev 10-da qeydiyyatda olan 1991-ci il təvəllüdlü Babazadə Telman Şahvəli oğlu avtoşluq edib. Belə ki, 29.07.2018 tarixdə, saat 21.50 radələrində idarə etdiyi avtomaşınla (90 AK 009 dövlət qeydiyyat nişanlı mavi rəngli “Mazeratti Qranturimo”) İslamzadə küçəsində əhalinin dincliyinə mane olub. O, cəmiyyətə açıq hörmətsizlik edərək və yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozaraq avtoxuliqanlıq hərəkətləri edib”.
Mənbə deyib ki, onun bu hərəkəti şəhər sakinləri tərəfindən narazılıqla qarşılanıb: “Sakinlər bu barədə şəhər polis şöbəsinin yol polis bölməsinə müraciət edərək bu barədə ölçü götürülməyini istəyiblər.
Sakinlərin dediyinə görə, şəhərdə avtomaşını yüksək sürətlə idarə edən məmurun qardaşı oğlu bu hərəkətləri ilə heç kimə məhəl qoymurdu. Şəhər polis şöbəsi tərəfindən saxlanılan avtoxuliqanın barəsində protokol tərtib edilərək şəhər məhkəməsinə göndərilib.
Məsələ ilə bağlı rəsmi mövqe öyrənmək mümkün olmayıb.
Zərdab Rayon İcra Hakimiyyətinin sözçüləri isə bu barədə danışmaq istəməyiblər.(Arqument.Az)