Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elçin Mirişovun məhkəməsi keçirilib.
AZBAKU.İNFO “qafqazinfo"ya istinadən xəbər verir ki, hakim Mayıl Bayramovun icraatında olan prosesdə baxış iclası baş tutub.
E.Mirişovun istintaqa ilkin ifadəsi elan olunub. Məlum olub ki, həmin ifadəsində E.Mirişov deyib ki, dostlarına xaricdən maşın gətirməyi təklif edib:
"10 illik dostum Emin Quliyev həm də cüt rəqəmlə bitən nömrə istədi. Onun istədiyi 10 BB 100 nömrəsini 16 min dollara ala biləcəyimi dedim. 2014-cü ildə Tibb Universitetinin yanında yerləşən əyləncə mərkəzində Eminlə görüşüb 16 mini aldım. Emin həm də "Mercedes Galendevagen" istəmişdi, buna görə də bir neçə gün sonra beh kimi 40 min dollar aldım.
Maşını gətirmək üçün xaricə getdim, amma işlərim yolunda getmədi. Maşını gətirə bilmədim, həmin müddət pulu da özüm üçün xərclədim. Azərbaycana da qayıda bilmədim".
E.Mirişov məhkəmədə bu ifadəni təkzib edib və belə demədiyini bildirib:
"O ifadənin altında mənim imzam var. Çünki müstəntiq mənə dedi ki, şəxsiyyət vəsiqəm üstümdə olmadığı üçün boş vərəqə qol çəkməliyəm. Mən də elə etdim".
Daha sonra ittiham barədə ifadə verən E. Mirişov deyib ki, sadəcə Emin Quliyevlə Ənvər adlı şəxs arasında vasitəçi olub:
"Maşını Türkiyədə yaşayan Ənvər göndərirdi, mən də onu Eminlə tanış etdim. Onlar birgə işləyib 6 maşın gətirib satdılar. Hər maşından mənə 5 min veriləcəkdi, vermədilər.
Sonuncu dəfə Emin "Galik" istəmişdi. Ənvər də 40 min dollar beh tələb etmişdi. Mən Eminlə bir yerdə idim, Ənvər zəng etdi ki, pulu aparıb bu adama verin. Bizə bir nömrə verdi, həmin şəxslə danışıb Nərimanov rayonunda "Saatın yanı" deyilən yerdə görüşüb pulu tanımadığımız həmin adama verdik. Sonra da həmin şəxsə zəng çatmadı, maşın da gəlmədi.
Mən Emini tapmaq üçün Türkiyəyə getdim, tapa bilmədim. Həmin vaxt Eminin ailəsi məni həbs etdirəcəkləri ilə hədələdilər, ona görə də gəlməyib orda qaldım.
Mən heç kimə cüt nömrə almağı söz verməmişəm. Onlar mənə dedilər, maraqlanıb bildim ki, 10 BB 100 nömrəsi bir "Bentley"in üstündədi.
O maşını sürən adam da 16 minə nömrə satmaz. O nömrənin qiyməti 100 mindən çoxdur".
Zərərçəkmiş tərəf vəsatət verərək bildirib ki, E. Mirişov barəsində Abşeron rayon Məhkəməsində cinayət işi başlanılıb:
"Bu cinayət işi istintaqa qaytarılsın və hər iki iş birləşdirilərək yenidən məhkəməyə göndərilsin".
Vəsatət baxılmamış saxlanılıb. Məhkəmədə zərərçəkmiş Emin Quliyevin iştirak etmədiyi bildirilib, proses sentyabrın 10-da davam etdiriləcək.