Çempionlar Liqasının III turundan sonra klubların statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, I dövrənin yekunlarında Azərbaycan futbolu tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin əsas raundunda iştirak edən çempionumuz “Qarabağ” da yer alıb.
Keçirdiyi 3 oyunda cəmi 1 xal toplayıb, C qrupunda sonuncu olan Ağdam klubu bəzi mənfi məqamlarda “fərqlənib”.
Çempionumuz I dövrədə yalnız 28 dəfə qapı istiqamətində zərbə endirib. Bu da ən zəif 7-ci nəticədi. “Qarabağ” çərçivəyə vur-tut 4 dəfə “düşüb”. Bu isə Çempionlar Liqasında mövsümün antirekordudu. Müqayisə üçün vurğulayaq ki, göstəricinin lideri “Liverpul”da bu rəqəm 29-du.
3 matçda cəmi 8 künc zərbəsi yerinə yetirən “Qarabağ” ən az belə imkan qazanan 10 komandadan biridi. Ağdamlılar APOEL və MOİK-lə 8-ci sıranı bölüşür.
Komandamızın qapısı qarşısında isə 21 “korner” vurulub. Bu göstəricidə “Sportinq” və “Spartak”a şərik olan “Qarabağ” 6-8-ci yerlərdədi.
Qapı önünə 27 dəfə top göndərən təmsilçimiz ən aşağı göstəriciyə malik 4-cü komandadı. Bunlardan yalnız 5-i ünvanına çatıb. Yalnız “Feyenoord”dan öndə olan Qurban Qurbanovun komandası PSJ, “Bazel” və “Seltik”lə ikinciliyə şərikdi.
“Porto” ilə eyni sayda – 45 dəfə qayda pozuntusuna yol verən çempionumuz intizamsızlar arasında 5-ci yerə şərikdi. Lakin ağdamlılar rəqiblərini də fola vadar etməklə də diqqət çəkib. 28 qayda pozuntusuna məruz qalan “Qarabağ” Çempionlar Liqasında 6-cıdı.