İmişlidə fəaliyyətini dayandıran bankların əməkdaşları “xəstələndilər”, rayon DSMF-si isə onlara pensiya “təyin etdi”

Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun vəzifədən kənarlaşdırılmasından sonra Səlim Müslümovun hay-küylü təyinatı və gəlinən qənaətlər özünü doğrultmadı. Əgər Füzuli Ələkbərovun kadrları vətəndaşla 6+6 prinsipi ilə işləyirdilərsə, Səlim Müslümovun kadrları özlərinə çatacaq məbləğin əvvəlcədən alınması xəttinə üstünlük verdilər. Və bu “siyasətin” dəyəri ölkə büdcəsinə dəyən iki milyard manatlıq zərbə oldu. Lakin hələ də bu şəxs nəinki azadlıqdadır, artıq tarixə belə çevrilib. Olan isə dövlət büdcəsinə oldu.


Əgər Səlim Müslümovun qara işlərinin “aparıcısı” aparat rəhbəri, Əjdər Ol ləqəbli, şair Əjdər Cəbiyev idisə, atıq yeni olmayan nazir Sahil Babayevin bu tip məsələlərdə adının hallanmasına səbəb isə bir neçə rayon DSMF-nin rəhbərləridirlər. Əlillik dərəcələrinin təyin olunmasında obyektivliyə və şəffaflığa təminat verən elektron sistem əslində saxta əlilliyin azalmasına imkan yaratmalı idi. Belə ki, 2017-ci ildə ilkin əlillik təyin olunanların sayı, 2016-cı illə müqayisədə 12 min 538 nəfər və ya 31 faiz az olması ilə bağlı məlumatlar da mətbuatda dərc olundu. Əvvəlki illə müqayisədə ilkin olaraq əlillik dərəcəsi verilənlərin sayı 26 faiz və ilkin olaraq sağlamlıq imkanları məhdud uşaq hesab edilənlərin sayı 49 faiz azaldığı da iddia edilmişdi. Məsələnin iddia edilən kimi davam edəcəyi təqdirdə ölkədə məhz bu sahədə hər hansı bir qanunsuz iş olmamalı idi. Lakin yenədə vətəndaş deyil, ƏƏSMN-nin bəzi “kadrlarının” hesabladıqları oldu. Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq 2016-cı ilin əvvəlindən I dərəcə əlilliyin müddətsiz müəyyən olunmasının, II və III dərəcə əlilliyin müddətinin beş ilədək, sağlamlıq imkanlarının məhdudluğu müddətinin 3 ilədək uzadılmasının əlilliyin hər il təkrar qiymətləndirilməsi praktikasının aradan qalxmasına səbəb olduğunu və həmin insanlar tərəfindən razılıqla qarşılandığını qeyd edildi. Bu islahatların aparılması ilə ümumilikdə 250 minə yaxın insanın hər il təkrar müayinədən keçməsi zərurəti aradan qaldırılıb. Əslində bütün problemlərin kökündə də məhz bu amil durdu.

İmişlidəki mənbədən BakuNews.az-a daxil olan məlumatda bildirilir ki, rayon ərazisində bir zamanlar fəaliyyət göstərib, lakin sonradan məlum səbəblərə görə fəaliyyətini dayandıran banklarda çalışan gənclərin böyük bir qisimi II qrup əlillik dərcəsi almaqla təqaüdə çıxıblar. Mənbə əlavə olaraq bildirdi ki, həmin gənclər işlədikləri müddətdə yüksək əmək haqqı aldıqları üçün bu gün dövlətdən aldıqları təqaüdlərin miqdarı da yüksəkdir. Qəribədir necə oldu ki, bankda işləyəndə sağlam olan bir gənc, bank fəaliyyətini dayandıran kimi “xəstə” oldu? Məlumatı verən mənbənin bildirdiyinə görə həmin gənclərə əlillik dərəcəsinin verilməsinə “köməkliyi” İmişli rayon DSMF-nin rəhbərliyi ilə yanaşı, rayon Mərkəzi Xəstəxanasının həkim-kardioloqu Anar Əliyev edib. Görəsən bankın bağlanması nədən bu qədər gəncin ürəyinə “təsir” edib? Bəlkə...

Əslində bəlkələrin sayı çoxdur. Xatırladaq ki, İmişli rayon DSMF-nin müdiri İntiqam Əliyevlə bağlı mətbuat kifayət qədər məlumatlar dərc edib. DSMF müdirinin xəstə uşağın təqüdünü kəsməsi, öz işçisinə külqabı atması, məcburi köçkünü təhqir etməsi, işçilərə öz iş yoldaşlarının yaxınının hüzüründə iştirak etmə qadağası, açıq rüşvət tələb etmə və s. ilə daim mətbuatın gündəminə gəlib. Məsələnin ən qəribə tərəfi isə bu şəxsin buraxdığı bu qədər “ÇP”-yə rəğmən, hələ də vəzifəsində qalmasıdır. Əslində belə şəxslərin özbaşınalığının səbəbkarları məhz bu quruma müxtəlif zamanlarda rəhbərlik edən və vəzifədən ciddi qanun pozuntuları fonunda azad edilənlərdir. Necə ola bilər ki, bir şəxs bu qədər qanunsuzluqlar etsin və Füzuli Ələkbərovla, Səlim Müslümovla, nəhayət Sahil Babayevlə işləmək “yollarını” da tapsın?

Bəyəm Nazir üçün bu cür qanunsuzluqları araşdırıb üzə çıxarmaq o qədər mümkünsüzdür? Əslində regiona Füzuli Ələkbərovdan və ya Səlim Müslümovdan miras qalan kadrlar göndərilərsə, doğrudanda bu tip qanunsuzluqları aradan qaldırmaq olduqca mümkünsüzdür. Çünki həmin şəxslərin illərlə tətbiq etdiyi “iş prinsipi” ölkə büdcəsinə 2 milyard manata başa gəldi. Deməli yeni metod tapılmalıdır. Həm də təxirə salınmadan. Hər gecikən gün isə dövlət büdcəsinə yeni 2 milyard manat itkiyə səbəb ola bilər. Zərər görən isə dövlət və millətdir. Əlilliyin müəyyən edilməsi üçün sistemə daxil edilən göndərişlərdə əksini tapan xəstəlik məlumatları əsasında əlillik təyinatlarında TSEK-ların fəaliyyətləri yoxlanılmalıdır. Obyektiv yanaşma meyarı məhz nazirin şəxsi nəzarətində və ya onun etibar etdiyi, naftalin iyi verməyən kadrların şəxsi incələməsindən sonra icraya yönəldilməlidir. Əks halda İmişli DSMF-dəki kimi vəzifəli şəxsin və həkim kardioloqun dövlət vəzifəsindən istifadə etməklə maraqlarının təmin edilməsi müqabilində gəncləri vaxtından tez “qocaldaraq” və ya “ürəyində problem yaradaraq” təqaüdə çıxarılması problemi artan xətlə davam edəcək. Təkrar edirik zərbə isə dövlətə dəyəcək. Görəsən dövlətə dəyən zərbəyə aidiyyatı strukturlar və şəxslər nədən göz yumurlar?
Mövzuya qayıdacağıq.

BakuNews.az məlumatda adı çəklən təşkilat və şəxslərində mövqelərini dərc etməyə hazırdır.

AzBaku.info