ABŞ-ın Texas ştatında kilsəyə silahlı hücum nəticəsində 26 nəfər ölüb, 20-yə yaxını yaralanıb.
AzBaku.info APA-ya istinadənxəbər verir ki, 26 yaşlı Devin Kelli Sazerlend-Sprinqs şəhərində kilsəyə daxil olaraq avtomat silahdan orada olan insanlara atəş açıb. Ölənlər 5 yaşdan 72 yaşadək olan şəhər sakinləridir.
Daha sonra kilsədən çıxan D.Kelli və üzərində silah olan yerli sakin arasında atışma baş verib. Cinayətkar silahını yerə ataraq avtomobillə hadisə yerindən uzaqlaşıb. Bir müddət sonra onun meyiti sahibi olduğu maşında aşkarlanıb. Onun atışma nəticəsində aldığı yaradan keçindiyi və yaxud intihar etdiyi güman edilir.
Qatilin avtomobilində xeyli sayda odlu silah tapılıb. Məlumata görə, Texas ştatının Nyu-Braunsfeld şəhər sakini Devin Kelli 2010-2014-cü illərdə ABŞ Silahlı Qüvvələrində hərbi xidmətdə olub, 2014-cü ilin mayında hərbi tribunalın qərarı ilə ordudan xaric edilib. Hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirmir.Cinayətin motivləri müəyyənləşdirilir.
Qeyd edək ki, oktyabrın 1-də Texas ştatının Las-Veqas şəhərində 63 yaşlı Stiven Paddok musiqi festivalının iştirakçılarını atəşə tutub, nəticədə 58 nəfər ölüb, 500-dən çoxu yaralanıb.
***
01:46
ABŞ-ın Sazerlend-Sprinqs şəhərində (Texas ştatı) naməlum şəxsin kilsədə atəş açması nəticəsində 27 nəfər ölüb.
APA-nın xəbərinə görə, bu barədə ABC telekanalı yerli polisə istinadən məlumat verib.
Yerli vaxtla saat 11:30-da San-Antoniodan 40 km aralıda yerləşən Sazerlend Sprinqs yaşayış məntəqəsində naməlum şəxs baptist kilsəsinə daxil olaraq insanlara atəş açıb. İnsident nəticəsində təxminən 24 nəfərin yaralandığı bildirilir. Atəşi açan şəxs polis tərəfindən zərərsizləşdirilib.
Qətliam törədənin şəxsiyyəti müəyyənləşdirilir. Cinayətin motivləri hələ ki, məlum deyil.
***
00:16
ABŞ-ın Sazerlend-Sprinqs şəhərində (Texas ştatı) naməlum şəxsin baptist kilsəsinə daxil olaraq atəş açması nəticəsində azı 20 nəfər ölüb.
APA-nın xəbərinə görə, bu barədə ABC telekanalı polisdəki mənbələrə istinadən məlumat verib.
İnsident nəticəsində təxminən 30 nəfərin yaralandığı bildirilir.
Atəşi açan şəxs polis tərəfindən zərərsizləşdirilib.
CNN telekanalının məlumatına görə, hadisə yerinə polis və Federal Təhqiqatlar Bürosunun əməkdaşları cəlb edilib. Yaralılar helikopterlərlə xəstəxanalara çatdırılır.
ABŞ-ın San-Antonio şəhərində (Texas ştatı) naməlum şəxs kilsəyə daxil olaraq atəş açıb.
APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində ölən və yaralananların olduğu bildirilsə də, onların sayı barədə dəqiq məlumat yoxdur.
Atəşi açan şəxs polis tərəfindən öldürülüb.