Bir neçə rayonun icra başçılarının tutduqları vəzifə ilə vidalaşacağı bağlı dolaşan informasiyalar özünü doğrultmaqdadır. Dövlət başçısının Şamaxı, Səbail və Beyləqan rayonlarının icra başçıları ilə bağlı verdiyi sərəncam artıq bir neçə rayonun icra başçılarının növbə gözlədiyindən xəbər verir.
Sozcu.az-a daxil olan məlumata görə, yol üstə olan icra başçılarından biri də Ağsu rayonunun İcra başçısı Ənvər Seyidəliyevdir. Bacısı oğlu və bacanağı olduğu deyilən eks-nazir Səlim Müslümovun dəstəyi ilə uzun müddət vəzifədə qalmağı bacaran Ənvər Seyidəliyevin Səlim Müslümovun nazir vəzifəsindən azad edilməsindən sonra durumunun yaxşı olmadığı bildirilir.
Səlim Müslümovun nazir olduğu zamanlarda vəzifəsinin icrasında - o cümlədən kənd təsərrüfatının inkşafında ciddi səhlənkarlığa yol verən Ənvər Seyidəliyevin dövlətin fermerlərə dəstək üçün ayırdığı pulları yaxın çevrəsi arasında bölüşdürülməsi barədə mətbuatda yazılan məlumatlarla bərabər, rayon sakinlərinin və fermerlərin durumunun acınacaqlı hala salması barədə dövlət başçısına ünvanlanan kütləvi şikayət məktublarının da artıq aidiyyəti qurumlar tərəfindən diqqətə alındığı bildirilir.
Sozcu.az-a məlumat verən mənbənin bildirdiyinə görə, Ənvər Seyidəliyevə bu il lazımi baramanı və pambığı təhvil verməsi üçün vaxt qoyulub. Bununla bağlı yaxın rayonların icra başçılarından pambıq planını doldurmaq üçün kömək istəsə də bu mümkün olmayıb. Görünür uzun illər başı var-dövlət toplamağa qarışan Ənvər Seyidəliyev qohumu Səlim Müslümovun vəzifədə hələ çox qalacağını düşündüyü üçün özünün “dar günü”nü düşünməyi unudub.
İlin axrında Ənvər Seyidləyevin dövlət başçısına gördüyü hansı işlər barədə hesabat verəcəyi isə sual altındadır. İşsizliyin ən çox tüğyan etdiyi Ağsu rayonunun acınacaqlı duruma salınması və rayonun abadlaşdırılması üçün ayrılan vəsaitlərin talan edilməsi rayon sakinlərini narazı saldığı qədər də, Ağsuda vəzifə sahibləri olan məmurların da başçıdan ciddi narazılıqları Ənvər Seyidəliyevin vəziyyətinin yaxşı olmayacağından xəbər verir.
Artıq Ağsu İcra Hakimiyyətində ciddi yoxlamaların başlanıldığı deyilir. Məlumata görə, yaxın zamanlarda prezident İlham Əliyevin rayonlara səfəri plamlaşdırılır. Dövlət başçısının səfərindən sonra Ağsunun icra başçısının da taleyinin həll ediləcəyi gözlənilir. Yaqin ki, gələn ilin yanvar ayında Ağsu rayonuna yeni icra başçısı təyin olunacaq.
Xatırladaq ki, ölkənin ən kasıb rayonlarından olan Ağsunun icra başçısı Ənvər Seyidəliyevin adı zəngin məmurların adları ilə yanaşı çəkilir.
Sozcu.az saytına Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev haqqında bir çox ciddi şikayətlər ünvanlanıbdır. Həmin şikayətləri araşdırdıqdan sonra yaxın günlərdə dərc edəcəyik.
P.S. Qarşı tərəfin mövqeini dərc etməyə hazırıq.