Bakı Ağır Cinayətlər Məhkəməsində qadını şantaj edərək 57 min dollarını ələ keçirməkdə təqsirləndirilən Ramil Muradovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Trend-in məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror təqsirləndirilən şəxsə cəza istəyib.
Dövlət ittihamçısı R.Muradovun 9 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə prosesi gələn həftə davam etdiriləcək.
İttihama görə, bu il yanvarın 30-da Binəqədi rayon Polis İdarəsinə müraciət edən şəxs, mənzilindən 57 min 700 dolların oğurlanması barədə məlumat verib. Məlum olub ki, pul elə həmin şəxsin arvadı tərəfindən götürülüb. Qadın bildirib ki, pulu hissə-hissə Ramil adlı bir nəfərə kömək etmək məqsədi ilə verib.
Daha sonra 30 yaşlı paytaxt sakini Ramil Muradov saxlanılıb. R.Muradov həmin pulu qadından aldığını etiraf edib.