Abşeron yarımadasında Bozdağ Qobu vulkanı püskürsə, ətrafında yaşayış binaları təhlükə altında qala bilər.
Bunu Oxu.Az-a açıqlamasında AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycanda iki vulkan püskürüb:
“Mən yaxın aylarda altı palçıq – Abşeron yarımadasında Bozdağ Qobu, Ələt qəsəbəsində Bahar, Qobustanda Şəkixan, Nardaranaxtarma, Ayazaxtarma, Şıxzərli vulkanlarının püskürməsinin ehtimal olunduğu proqnozunu vermişdim. Qobustanda olan Şəkixan və Ayazaxtarma vulkanları artıq püskürüb. Bunların püskürməsi qorxulu deyil.
Yaxın aylar ərzində də dörd palçıq vulkanının püskürəcəyi gözlənilir. İki palçıq vulkanı var ki, onların püskürməsi qorxuludur. Abşeron yarımadasında Bozdağ Qobu vulkanının püskürməsi çox qorxuludur.
O püskürsə, ətrafında yaşayış binaları təhlükə altında qala bilər. Həmin binalar vulkanın mərkəz hissəsinə yaxın yerləşir. Digər tərəfdən, ora yaşayış binaların sakinləri tərəfindən də zibillənir.
İnsanlar məskunlaşan zaman vulkana yaxın ərazidə ev tikməməlidirlər. Bozdağ Qobu vulkanı sonuncu dəfə 1999-cu ildə püskürən zaman çat əmələ gəlmişdi. 1200 metr uzunluğundakı o çat Hökməli qəsəbəsində yerləşən üç binaya çatmışdı. Həmin ərazidə qorxulu vəziyyət yarandığı üçün sakinləri köçürmüşdülər. İndi Hökməli qəsəbəsində də vulkan ətrafında böyük bir yaşayış massivi əmələ gəlib, amma bu çox təhlükəlidir”.
Adil Əliyev bildirib ki, Ələt qəsəbəsindəki Bahar vulkanında püskürmə güclü ola bilər, amma Bozdağ Qobu kimi qorxulu deyil:
“Çünki ətrafında yaşayış binaları yoxdur. Bu vulkan püskürərsə, geniş əraziyə yayılacaq. Azərbaycanda hər il quru sahələrdə iki-üç vulkan püskürməsi baş verir.
Bəzi illərdə seysmikliyin artması ilə əlaqədar palçıq vulkanlarının da püskürməsi halları artır. 2011-ci ildən Azərbaycanda palçıq vulkanlarının püskürməsi baxımından vəziyyət sakit idi. Ötən il isə aktivləşmə müşahidə edilib”.
Professor qeyd edib ki, palçıq vulkanlarının ətrafında aparılan qazıntı işləri onların süni şəkildə püskürməsinə şərait yaradır:
“İnsan amili nəticəsində bəzi palçıq vulkanları süni şəkildə püskürüb. 2000-ci ildə Ceyranbatan su anbarının yaxınlığındakı Keçəldağ vulkanı püskürmüşdü. Vulkanın kraterinin ətrafında boru xəttinin çəkilməsi zamanı qazıntı işləri aparılıb və onun püskürməsi süni baş verib”.
Qeyd edək ki, 2017-ci ilin birinci yarısında yeddi vulkan püskürüb. Abşeron yarımadasında - Otmanbozdağ, Lökbatan, Keyrəki, Şamaxı-Qobustan rayonunda isə Bozaxtarma, Şixzərli, Qarıca və Şəkixan vulkanları püskürüb.
Həmin aktivliyin davamı bu il də müşahidə edilib. Belə ki, bu il Şamaxı rayonunda Quşçu, Cənubi Qobustanda Torağay (iki dəfə), Hacıqabulda Axtarma-Paşalı, Qaradağda Otmanbozdağ vulkanları püskürüb.