Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.
Oxu.Az xəbər verir ki, dördüncü yarış günündə qadınlardan ibarət yığmamızın son iki üzvü mübarizəyə başlayıb.
IV İslam Həmrəyliyi oyunlarının gümüş medalçısı olmuş ukraynalı legionerimiz Alyona Kolesnik (57 kq) təsnifat mərhələsində türk həmkarına böyük hesabla qalib gələrək, mundiala inamlı start verib. Ancaq Kolesnik 1/4 finalda Kanada nümayəndəsinə müqavimət göstərə bilməyib. Rəqib finala yüksəldiyi üçün Alyona bu gün macarıstanlı Tamara Dolakla təsəlliverici görüşə çıxacaq.
Sonuncu İslamiadanın qalibi olmuş bolqarıstanlı legionerimiz Elis Manolova (65 kq) üçün də start uğurlu alınıb. O, 1/8 finalda Monqolustan təmsilçisini məğlub edib. Elisin 1/4 finalda Rusiya idmançısı ilə mübarizəsi maraqlı alınıb. Belə ki, 2:8 hesabı ilə geri düşən Manolova sona bir dəqiqə qalmış tuşe ilə qalib gələrək yarımfinala yüksəlib. Yığma üzvünün yarımfinal görüşü axşam seansında baş tutub. İsveçli rəqibinə də gücünü göstərən Manolova adını finala yazdırıb.
Təmsilçimiz bu gün axşam seansında final qarşılaşmasını keçirəcək. Rəqib bu il Macarıstanın paytaxtı Budapeştdəki böyüklərin dünya çempionatında bürünc medal qazanmış yaponiyalı Ayana Qempey olacaq.