Deputatın adı "DƏRMAN MAFİYASI" işində... - İDDİA

Deputat Ülvi Quliyevin adı "Dərman mafiyası" işində hallandırılır. Bu iddia ilə çıxış edən bilgili qaynaq DİA.AZ-a olduqca maraqlı açıqlamalarla çıxış edib. Xatırladaq ki, bir neçə ay əvvəl ölkədə səs-küylü həbslər həyata keçirildi və nəticədə gömrük generallarının qatıldığı heyət "zərərsizləşdirildi".

Dia.az xatırladır ki, aylarla davam edən istintaqdan sonra avqustun 14-də bu cinayət işində adı keçən ən yüksək rütbəli və vəzifəli məmura – Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sabiq rəisi, gömrük general-mayoru Sadiq Abduyevə qarşı rəsmi ittiham elan olunub! Belə ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi) və 206.3.2 (qaçaqmalçılıq) maddələri ilə cinayət işi açılıb.
Xatırladaq ki, bu ilin aprel-may aylarında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən ölkədə dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan şəbəkənin ifşa edilərək məsuliyyətə cəlb olunması istiqamətində geniş miqyaslı əməliyyatlar həyata keçirilib. Əvvəlcə Bakıda 11 ünvana, o cümlədən dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan “Sanimed” və “Epidbiomed” Məhdud Məsuliyyətli Cəmiyyətlərin inzibati binalarına, onlara məxsus anbarlara, aptek şəbəkələrinə, yaşadıqları mənzillərə, habelə dərman vasitələrinin qanunsuz satılması prosesində iştirak etmiş bəzi həkimlərin iş otaqlarına baxış keçirilərək, qanun pozuntularını törədən şəxslərin əməlləri ifşa edilib. Beş vəzifəli şəxs həbs olunub.

Sonra “dərman mafiyası”na qarşı əməliyyatlar Dövlət Gömrük Komitəsində davam etdirilib. Aprelin 30-da DGK-nın yüksək vəzifəli şəxslərinin də içində olduğu “dərman mafiyası”nın üzvləri ifşa olunub. Üç gün sonra – mayın 3-də isə DGK sədrinin müvafiq əmrinə əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev sərəncama götürülüblər. Əməliyyatdan sonra həmçinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci yük şöbəsinin rəisi Araz Məmmədov da sərəncama götürülüb.

Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Fərman Həmzə oğlu Məmmədli, Vasif Teymur oğlu Xıdırov, Cəmil Səlim oğlu Mehdiyev, Ateş Adem oğlu Atanur, Anar Kamran oğlu Məmmədov, həmçinin Əlamət Nazim oğlu Quliyevə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla, barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.
Deputatın adı "DƏRMAN MAFİYASI" işində... - İDDİA

Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyevə mayın 10-da ittiham elan olunub. Ona Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Deputatın adı "DƏRMAN MAFİYASI" işində... - İDDİA

Rəsmi məlumatdan belə məlum olur ki, “dərman mafiyası” ilə DGK rəsmiləri qaçaq yolla ölkəyə gətirilən dərman preparatlarına görə 25 faiz haqq alıblar. İlkin istintaqla müəyyən olunub ki, xarici ölkə vətəndaşı Ateş Atanur və Azərbaycan Respublikasının vətəndaşı Anar Məmmədov 2016-cı ildən aprelin 30-dək satış məqsədi ilə dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsini müntəzəm təşkil ediblər. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxsləri bu dərmanların yük müşayət sənədlərini dəyişdirərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa məhsullar adı altında bəyan edilməsini, bu yolla qeyd olunan dərmanların ölkəyə qeydiyyatsız keçirilməsini təşkil etməyə görə əvvəlcədən hər yükün ümumi dəyərinin 25 %-i dəyərində haqq alıblar. Dərmanların ölkəyə qeydiyyatsız idxalını, gömrük nəzarətindən çıxarılaraq birbaşa dərman satışı ilə məşğul olan şəxslərə çatdırılmasını təmin ediblər.


DİA.AZ-a danışan mənbə isə bildirir ki, uzun müddət dərman biznesində kifayət qədər ciddi mövqeyi olmuş Ülvi Quliyevin adı sözügedən generallara qarşı ittihamılarda da hallandırılıb. Mənbə iddia edir ki, zamanında Ülvi Quliyev ölkədə dərman satışı ilə məşğul olub və hətta onun apteklərində satışı qadağan olunmuş dərman preparatlarına da rast gəlinib ki, bunun da nəticəsində Ülvi Quliyev hətta Səhiyyə Nazirliyi ilə də toqquşmalı olub.

"Təbii ki, həmin dərman preparatlarını Ülvi Quliyev gömrükdən keçirərək ölkəyə gətizdirib ki, bu işdə də məlum "dərman mafiyası"nın iştirakı danılmaz faktdır" deyən mənbə onu da xatırladıb ki, bu məsələyə 2015-ci ildə Səhiyyə Nazirliyi sərt şəkildə reaksiya versə də, həm deputatın, həm də gömrük generallarının nüfuzu məsələnin daha da dərinləşməsini önləmişdi.

Məlumatlı mənbə dia.az-a onu da əlavə edib ki, hələlik sözügedən məsələ ilkin araşdırmadadır və bu prosesdə deputatın da başı da ağrıya bilər.

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq. Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...

mənbə dia.az