Nəsimi rayon Məhkəməsində "Qoca" ləqəbli kriminal avtoritet Etibar Məmmədovun zərərsizləşdirilməsi ilə bağlı keçirilən əməliyyat zamanı yaralanan dəstə üzvü Anar Əsgərov barəsində istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.
AzBaku.info apa-ya istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, oktyabrın 23-də Bakıya etap zamanı konvoy mühafizəsi altından qaçmış, ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən, əvvəllər dəfələrlə məhkum olunmuş Etibar Məmmədovun tutulması istiqamətində həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə onun Hacıqabul rayonunda tanışı İlqar Əzimova məxsus evdə gizləndiyi məlum olub.
Etibar Məmmədov və İlqar Əzimovun noyabrın 1-i saat 23 radələrində paytaxt sakinləri Anar Əsgərov və Şahmar Bəyəlizadə ilə birlikdə Bakı-Ələt yolunda hərəkətdə olmaları müəyyən edilib və onların saxlanılması üçün xüsusi əməliyyat keçirilib.
Adı çəkilən şəxslər polis əməkdaşlarının avtomobili polis postunda saxlamaq barədə tələbinə tabe olmayaraq avtomobili onların üzərinə sürüb və odlu silahdan atəş açmaqla həmin ərazidən uzaqlaşmağa cəhd göstəriblər.
Əməliyyat qrupunun cavab tədbirləri ilə Etibar Məmmədov və İlqar Əzimov yaralanıb və onlar tibbi yardım göstərilməsi üçün müalicə müəssisəsinə aparılarkən yolda ölüblər. Digər yaralı Anar Əsgərov xəstəxanaya yerləşdirilib və müayinə olunub.
Heç bir xəsarət almayan Şahmar Bəyəlizadə saxlanılıb.
Ş. Bəyəlizadə barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.