Asif Əsgərovun “qələmi qırılıb”: oğlunun cinayəti, sürüşən villalar, büdcə talanı və deputatdan 30 min tələbi…

Medianın gündəmindən düşməyən Bakının Nəsimi rayon icra başçısı Asif Əsgərovun yüksək siyasi kulislərdə “qələminin qırıldığı” haqda xəbərlər sızmaqdadır. Hakimiyyətin yuxarı eşelonunda A.Əsgərovun üstündən xətt çəkildiyi qənaətinə gəlindiyi bildirilir.

Qüdrət Şükürovun aqibəti

Mötəbər qaynaqdan Reportyor.info-ya verilən məlumatda qeyd olunur ki, A.Əsgərovun deputat Adil Əliyevdən 30 min manat rüşvət istəməsi iddialarının meydana çıxması onun işini bitirmək üzrədir.
Onsuz da ötən illər ərzində fəaliyyəti və ələxüsus oğlu İlham Əsgərlinin avtoqəzada bir nəfərin həyatına son qoyması Nəsimi icra başçısının dosyesini kifayət qədər ağırlaşdırmışdı.
Deputatdan 30 min manat istəməsi iddialarının tirajlanması İH başçısının vəziyyətini daha da mürəkkəbləşdirib.
Əslində, A.Əsgərovu keçmiş baş liftçi Qüdrət Şükürovun aqibəti gözləyə bilər. Onun da mənimsəmələri ortaya çıxmışdı və cinayət işi açılmışdı.
Əgər Nəsimi İH başçısı vəzifəsindən kənarlaşdırılsa, deputatdan pul istəməsindən tutmuş büdcə talanı, qanunsuz tikinti sərəncamları, yaşıllıqların satılması ilə bağlı sorğu-sual oluna bilər.
Mənbə bildirir ki, yuxarılarda A.Əsgərovla bağlı ciddi şəkildə qəzəb var. Buna səbəb deputata qarşı belə tələb irəli sürməsi iddiasıdır. Bu halda icra başçısının sadə vətəndaşların başına hansı oyunları gətirdiyini təsəvvür etmək olar.
Məlumatlı qaynağın sözlərinə görə, şəhərin Nəsimi kimi mərkəzi rayonuna adı qalmaqallarda çəkilən məmurun rəhbər olması istənilmir.

Əsgərovun əsgər “sevgisi”…

A.Əliyevin də ona qarşı əsassız tələb irəli sürülməsi barədə siyasi rəhbərliyə məruzə etdiyi və A.Əsgərovu ağır cəza gözlədiyi xəbər verilir.
Deputat özü də canlı yayımda şikayət edəcəyini və həmin məmurun cəzalandırılacağına ümid bəslədiyini açıqlamışdı.
Bundan əlavə, icra başçısının oğlunun törətdiyi qəzada ölən Sənan Mirzəyevin atası, “Mcdonalds” restoranlarının rəhbəri Maqsud Mirzəyevin prezidentə davamlı şikayətlər etdiyi və bütün bunların A.Əsgərovun qovluğuna tikildiyi deyilir.
Mərhumun atası başçının oğlu İlham Əsgərlinin cəzasını çəkmədiyini prezidentin diqqətinə çatdırır. Çünki dövlət başçısı qudurğanlıq edən məmur övladlarına qarşı amansızdır və nə özləri, nə ataları bağışlanır.
Sadəcə, həmin hadisəni ört-basdır edərək, sürücüsünün boynuna qoyaraq oğlunu xilas etmiş Nəsimi İH başçısı “gözə kül üfürmək” üçün ildə iki dəfə cəbhə bölgəsinə yollanır, səngərdə əsgərlərlə görüşür. Əsgərovun əsgər “sevgisi” məhz oğlunun tökdüyü qanı batırmaqdır.
Heç bunu cəbhəyanı rayonların İH başçıları eləmirlər. A.Əsgərov isə oğlunun törətdiyi cinayətdən sonra məhz bu səfərlərə başlayıb. Yəni, daha əvvəl belə bir təşəbbüsü olmayıb.

2 milyon talan, YAP-a saymazlıq, millət vəkilini isə…

Lakin hər şey bitdiyini güman edən məmurun Nəsimi rayonunda özbaşınalıqları, qanunsuz ağac kəsimi, tenderlərdə adı olan, özü olmayan şirkətləri qalib edərək büdcə pullarını çırpışdırması, ardınca deputatın 30 min manatlıq iddiası A.Əsgərovun “qələmini qırıb”.
Xatırladaq ki, ötən il Bakının Nəsimi rayonunda binaların əsaslı təmir işlərinin satınalınması üçün “C.C-Təmir Tikinti” MMC-yə 1 milyon, 789 min 700 manat ayrılıb. araşdırması zamanı şirkətin rəhbəri Əlnağı Əliyev Pösük oğlu göstərilir.


Kommersiya qurumunun yerləşdiyi ünvan isə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhərrəm Abışov küçəsi, ev 8, mənzil 20 göstərilir.
Nəsimi rayonunda görüləcək işlərin Sabunçu rayonunda yerləşən şirkətin həyata keçirməsi bir ayrı mövzudur. Araşdırmanın ən mühüm nəticəsi budur ki, sözügedən ünvanda “C.C-Təmir Tikinti” MMC adlı şirkət fəaliyyət göstərmir.
Əməkdaşımız ötən il Nəsimi rayonunda 1 milyon, 789 min 700 manatın hansı binaların əsaslı təmirinə xərcləndiyini dəqiqləşdirmək üçün sözügedən ünvana baş çəkib.
M.Abışov küçəsində yaşayış binasına daxil olan müxbirimiz ev 8, mənzil 20-nin qapısını döyüb və onun üzünə bir qadın açıb. O, burada ailə yaşadığını, heç vaxt şirkətin ofisi olmadığını söyləyib.
Asif Əsgərovun “qələmi qırılıb”: oğlunun cinayəti, sürüşən villalar, büdcə talanı və deputatdan 30 min tələbi…

Bir sözlə, Əlnağı Əliyev Pösük oğlu adında bir şəxsin “C.C-Təmir Tikinti” MMC adlı şirkət bu ünvanda yerləşmədiyi üzə çıxıb.
Hələ bu azmış kimi, YAP-ın yaradılmasının 26 illiyi də Nəsimi RİH-də qeyd olunmayıb və artıq ölkə rəhbərliyinin yeni ildən yeni icra hakimi təyin edəcəyi istisna edilmir.

Eldar Əzizov onunla işləmək istəmir?

Habelə, Prezident Administrasiyasına Nəsimi rayon sakinlərinin şikayətləri səngimək bilmir. Onlar İH rəhbərinin müxtəlif ərazilərdə ağacları məhv etməsi, yerində tikintiyə icazə verməsindən şikayətlənir, prezidentin qızı Leyla Əliyevanın ağacəkmə kampaniyasına zidd olduğunu yazırlar.
Digər tərəfdən, Bakının yeni meri Eldar Əzizovun da onunla işləmək istəmədiyi haqda iddialar səslənir. Hər ikisi Səbayel rayonuna rəhbərlik ediblər.
Amma E.Əzizov Səbayel İH başçısı olanda A.Əsgərov dövründə həyata keçirilmiş bir sıra qanunsuzluqların üstü açılıb. Xüsusən də sürüşmə zonasında villaların tikintisinə məhz A.Əsgərovun dövründə icazə verilib.
Bakının sabiq meri Hacıbala Abutalıbov da açıq şəkildə demişdi ki, sürüşmə zonasında tikintilərə icazə verməyib və məsuliyyəti yerli idarə orqanları daşıyır.
A.Əsgərovun 2009-cu ildən 2015-ci ilə qədər Səbayelə rəhbərlik etdiyi dövrdə sürüşmə zonasında tikintilər intensiv xarakter alıb.
Bu araşdırmalar və real statistika prezident İlham Əliyevin masasına qoyulub. Dövlət başçısının kifayət qədər bu məsələdən qəzəbləndiyi bildirilir.
Bakının keçmiş meri Hacıbala Abutalıbovun sürüşmə massivində torpaqların satışında onun rolunun olmasını təkzib etməsi diqqəti Eldar Əzizova yönəltmişdi.
Prezidentin tapşırığı ilə aparılan təftiş zamanı məlum olub ki, E.Əzizovun Səbayel icra başçısı olduğu dövrdə Bayıl yamacında villaların tikintisi səngiyib və ən çox qanunsuzluq A.Əsgərovun vaxtına təsadüf edib.
Asif Əsgərovun “qələmi qırılıb”: oğlunun cinayəti, sürüşən villalar, büdcə talanı və deputatdan 30 min tələbi…

Bu əməliyyat şəbəkəsinin baş “ideoloq”larından biri də Səbayeldə bələdiyyə sədri, sonra A.Əsgərovun başçı müavini olmuş, adı avtoqəzada hallanmış müavin Yavər Allahverdiyev imiş.
Elə buna görə də A.Əsgərov Nəsimi rayonuna icra başçısı təyin olunanda Y.Allahverdiyevi özü ilə apardı. İndi işlərin üstü açılıb, sürüşmə zonasında vəziyyət gərginləşib.

Eldar Mahmudovla Asif Əsgərovun “sürüşmə birliyi”

İddialara görə, A.Əsgərov “günah keçisi” kimi Y.Allahverdiyevi qurban verməklə vəziyyətdən çıxmağa hazırlaşır. Üstəlik, Allahverdiyevin sabiq MTN şefi Eldar Mahmudovla qohumluğu onun cəzalandırılmasını ikiqat zəruri etməkdədir.
A.Əsgərov sürüşmə zonasında qanunsuz sərəncamlar verilməsi və torpaqların satışının həyata keçirilməsi ilə bağlı Allahverdiyevi nişan verə bilər.
Hətta “əsaslandıra” bilər ki, 2009-dan 2015-ə qədər E.Mahmudovla qohum olduğu üçün Allahverdiyevə bata bilməyib. Halbuki, RİH başçısının kassiri idi.
Asif Əsgərovla Yavər Allahverdiyevin əmrlərinican-başla həyata keçirən Səbayel bələdiyyə sədri Cəbrayılov Firdovsi, Badamdar bələdiyyə sədri Əsədov Həbib olublar.
Yavər Allahverdiyev məhşur qəzadan sonra vəzifəsindən azad edilib və hazırda ciddi biznesə sahibdir.
Hazırda hər iki bələdiyyə sədrləri ciddi nəzarətə götürülüblər. Lakin bələdiyyət sədrləri də, Allahverdiyev də məsuliyyətə cəlb olunmaqla paralel, Asif Əsgərovun əməlləri yoxlanmalıdır.
Necə ki MTN-dəki quldur dəstə E.Mahmudovla A.Çovdarovun təlimatlarına uyğun hərəkət ediblər, eləcə də sözügedən məmurlar da Asif Əsgərova tabe olublar.
MTN-lə olan işbirliyinin nəticəsidir ki, indi Nəsiminin icra başçısı olan Əsgərovun Gürcüstana qədər biznes şəbəkəsi uzanır.
Hətta oğlunun avtoqəzada qatil olması, onun azadlığa buraxılmasında da E.Mahmudovun o dövrkü siyasi gücünün olduğu iddiaları yer almaqdadır.
Bütün bu faktlar prezidentə məruzə edilib və səbr kasasını daşıran son damla deputatdan 30 min istəməsi iddiası olub, onun “qələmi qırılıb…”

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

REPORTYOR.info