Təhsil bir millətin inkişaf göstəricisi olsa da, bu inkişafa əngəl olan qüvvələr var ki, millətin inkişafını istəmirlər. Abşeron rayonu, Digah qəsəbəsində yerləşən, 20 Yanvar şəhidi Səxavət Məmmədovun adını daşıyan orta məktəbin təmiri üçün ayrılan 200 min manat vəsaitin düzgün xərclənməməsi də bunu göstərir. Sözügedən məktəbdə təmir işlərinin getdiyini Abşeron Rayon Təhsil Şöbəsinin müdiri, eyni zamanda məktəbin direktoru desə də, məktəbin vəziyyəti “Hürriyyət”in ötən nömrəsində gedən “Ötən il təmirinə 200 min manat “xərclənən” məktəb uçub-dağılır” sərlövhəli yazıda aydın ifadə olunub. Şəkillərdən də görə bilərsiniz ki, məktəb həqiqətən bərbad vəziyyətdədir. Bir məktəbin ki, ayaqyolusundan qızlar və qadın müəllimlər istifadə edə bilmir, görün, vəziyyət nə həddədir... Məktəbin daxilində ayaqyolu olmaması özü də bir problemdir ki, soyuq qış günlərində şagirdlər həyətdə olan ayaqyolundan istifadə etməyə məcburdurlar.
Maraqlıdır ki, Abşeron Rayon Təhsil Şöbəsinin müdiri, eyni zamanda məktəbin direktoru məktəbin sinif otaqlarının təmir olunduğunu deyir. Yəni çölü, həyəti, ayaqyolusu bərbad vəziyyətdə olan məktəbin 200 min manat yalnız sinif otaqlarına xərclənib? Onu da qeyd edək ki, şəkil çəkməsək də, sinif otaqlarından birinə daxil olduq. Sinif otaqlarından birinə baxmaq da kifayət etdi. Sinif otağının vəziyyəti də məktəbdə təmirdən əlamət olmadığını aydın göstərir.
Ötən il məktəbin təmiri üçün ayrılan 200 min manat vəsaitin hara xərclənməsi ilə bağlı sual etdikdə məktəbin direktoru demişdi ki, məktəbin sinif otaqları təmir olunub, o vəsaiti Təhsil Nazirliyi bizə verməyib, özləri təmir ediblər. Maraqlıdır ki, sözügedən məktəbdə Təhsil Nazirliyi 200 min manatlıq hansı işləri görüb? Yaxşı olar ki, Təhsil Nazirliyi məsələ ilə bağlı öz mövqeyini ortaya qoyardı. Təəssüf ki, Təhsil Naizrliyi ilə əlaqə saxlamaq mümkün olmadı. Sözügedən nazirliyin əlaqə nömrəsini yığdıqda daxili nömrə tələb olunur ki, bu da qurumun mətbuat xidməti ilə əlaqə yaratmağı imkansız edir. Bu halda, görəsən, daxili nömrəni bilməyən şəxs nazirliklə necə əlaqə saxlamalıdır? Hansı ki, həmin əlaqə nömrəsi həm də operatora qoşulub, müvafiq şöbə ilə vətəndaşın əlaqəsini təmin etməlidir. Hətta sözügedən nazirliyin qaynar xətti ilə əlaqə yaratmaq mümkün olmadı ki, Digah qəsəbəsində yerləşən məktəblə bağlı sualarımıza cavab ala bilək.
Təhsizl Nazirliyi eyni zamanda sözügedən məktəbin həyətində yerləşən evdən şagirdlərin şirniyyat və ərzaq məhsulları almasına da diqqət yetirməlidir. Çünki həmin şirniyyatların, ərzaqların kefiyyətinə heç kim zəmanət vermir. Əslində, hər bir məktəbdə normal bufet olduğu kimi sözügedən məktəbdə də bufet olmalıdır ki, şagirdlərin aldığı şirniyyatlar, ərzaqlar müvafiq qurumlar tərəfindən yoxlanılsın.
“Sifarişçi, podratçı kimdir, bunları araşdırmaq lazımdır”
Digah qəsəbəsində yerləşən, 20 Yanvar şəhidi Səxavət Məmmədovun adını daşıyan orta məktəbin “təmir” olunması ilə bağlı təhsil eksperti Nadir İsrafilov “Hürriyyət”ə dedi ki, hansı təşkilat orada təmir işləri aparıbsa, onun təhvil aktı olur, ona müvafiq imzalar atılır: “Bu, şifahi söhbətlə həll edilməli bir məsələ deyil, ciddi araşdırılmalı bir məsələdir. Əgər orada təmir keyfiyyətsiz həyata keçirilibsə, məktəb direktoru, onu təhvil alanlar hara baxır? Ola bilər ki, o məktəbdə təmir tam başa çatmayıb. Ora nə qədər vəsait ayrılıb, bu layihə əsasında olan şeydir, bu layihəyə baxılmalıdır. Əgər yarmçıq qoyublarsa, məsələ qaldırılmalıdır. Sifarişçi, podratçı kimdir, bunları araşdırmaq lazımdır. Belə şeyləri boş buraxmaq düzgün deyil.
“Bu məsələyə xüsusi baxılmalıdır”
N. İsrafilov onu da qeyd etdi ki, təhsillə bağlı sənədlərə şəffaflıq var: “Üstəlik də bu məktəb şəhid ilə bağlı olan məsələdir. O məktəb direktoru bu məsələni nizama salmaqda özü maraqlı olmalıdır. O, özü də sizin yanınınza düşüb, məsələni həll etməyə çalışmalıdır. Məktəbin ən birinci göstəricisi, mədəniyyəti elə ayaqyolundan başlayır. Əgər ayaqyolu o haldadırsa, onda hansı təmirdən söhbət gedə bilər? Hər halda çox təəssüf edici haldır. Mən hesab edirəm ki, bu məsələ mətbuatda işıqlandırılsa, müvafiq orqanlar buna reaksiya verməlidirlər. Bu məsələni belə özbaşına buraxmaq olmaz”.
“Məktəblərdə təmirə, tikintiyə ayrılan vəsaitə nəzarət necə həyata keçirilməlidir” sualına N. İsrafilov belə cavab verdi: “Sifariş verilibsə, təmir, tikinti tenderləri həyata keçirilir. Tenderi kimsə udur, onu həyata keçirir. Şübhəsiz ki, sifariş verilibsə, bunun layihəsi tərtib olunur, manata kimi orada göstərilir və bunun təhvil aktı olur. Layihə əsasında nə işlər görülüb, aydın olur. Əgər burada yarmçıqlıq varsa, necə sifarişi qəbul ediblər? Əgər burada mənimsəmə faktları varsa, hər ikisi günah sahibi sayılır. Bu, həm sifariçi, həm də icraçı təşkilatın məsuliyyətidir. Belə çıxır ki, birgə əlaqəyə giriblər, nəyisə ort-basdır ediblər. Belə məsələlər şifahi həyata keçirilmir ki, bunun rəsmi layihəsi var. Ona görə, bu məsələyə xüsusi baxılmalıdır, mütəxəssislər yoxlamalıdır. Bir keyfiyyət, bir də işin yarımçıq qalması məsələsi var. Keyfiyyət məsələsi də layihədə göstərilir. Məsələn, parket nəzərdə tutulubsa, gəlib görürsən ki, taxta vurublar, kafel nəzərdə tutulubsa, tamet vurublar. Belə məsələlər var. Onların da öz mütəxəssisləri var, onlar yoxlamalıdır. Bəzən belə hallar olur ki, birgə əlaqəyə girirlər. Ona görə, görürsən ki, nə qədər belə hallar olub. Bir də görürsən ki, bir aydı məktəbi təhvil veriblər, damı uçdu. Mən deyərdim ki, bu məsələlər nəinki inzibati, hüquqi müstəvidə həll olunmalıdır”.
Hurriyyet.org