Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri təyin olunmasından təxminən on ay ötür. Sələfləri Aydın Əliyev və Kəmaləddin Heydərovla müqayisədə də Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinə rəhbərlik etdiyi dövr çox qısadır. Ancaq məsələ ondan ibarətdir ki, məhz Səfər Mehdiyevin rəhbərliyi dövründə Dövlət Gömrük Komitəsinin əməkdaşlarının həbsi kütləviləşdi. Ən son olaraq DGK-nin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri Gömrük Postunun rəisi İsmayıl Abdullayev və postun rəis müavini Rəşad Rzayev Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Səfər Mehdiyevin 10 aylıq sədrliyi dövründə həbs olunan gömrük əməkdaşlarının artıq böyük bir statistikası yaranıb.
Həbs olunların əksəriyyəti isə Cinayət Məcəlləsinin 311.3.1 maddəsi, yəni qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma maddələri ilə istintaqa cəlb olunublar. Məhz bu məqam gömrük orqanlarının ciddi böhran içərisində olduğunu göstərir. Yaranmış vəziyyətlə bağlı mövqeyini öyrndiyimiz ekspert gömrük orqanlarında yaranmış böhranlı vəziyyəti Səfər Mehdiyevin həyata keçirdiyi səhv struktur islahat və yanlış kadr siyasəti ilə izah edir. Ekspertin sözlərinə görə, Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin bir neçə əməkdaşını xarici dövlətlərin gömrük orqanlarının təcrübəsini öyrənmək üçün müxtəlif ölkələrə ezam edib. Əsasən Avropa ölkələrə ezam olunan gömrük əməkdaşları getdikləri ölkələrin gömrük orqanlarının təcrübəsinin ölkəmizdə tətbiqi ilə bağlı təkliflər hazırlayıblar. İddiaya görə Səfər Mehdiyev DGK-nın Hüquqi təminat idarəsinin rəisi Sənan Muxtarovun təklfini bəyənib və struktur islahatlar da həmin təklifə uğun aparılıb. Məlumata görə DGK-nın Hüquqi təminat idarəsinin rəisi Sənan Muxtarov həmin təklifləri hazırlamazdan öncə bir müddət Baltikyanı respublikaların gömrük orqanlarının fəaliyyəti ilə tanış olmaq üçün həmin ölkələrdə ezamiyyətdə olub. Məlum olduğu kimi Səfər Mehdiyevin həyata keçirdiyi struktur islahatlara uyğun olaraq Bakı və Sumqayıt Baş Gömrük İdarələrindən əlavə Şimal, Cənub və Qərb Ərazi Baş Gömrük İdarələri yaradıldı. O zamana kimi mövcud olan gömrük idarələri isə yerləşdikləri regiona uyğun olaraq Şimal, Cənub və Qərb Ərazi Baş Gömrük İdarələrinin tabeçiliyinə verildilər. Həmin idarələrin statusu isə gömrük postu statusuna endrildi. Belə mücərrəd islahatın hansı məqsədlə aparıldığı tam aydın deyil. Üstəlik bu struktur islahat gömrük bürokratiyasının daha da genişlənməsinə səbəb olub.
1999-cu ildən gömrük orqanlarında işləyən, DGK-nin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru vəzifəsindən Komitə sədrinə kimi yüksələn Səfər Mehdiyevin indi hansısa ölkənin gömrük-buraxılış məntəqəsinə gedib orada gömrük orqanlarının iş prinsipi ilə tanış olması da anlaşılan deyil. Xatırladaq ki, bu yaxınlarda DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi belə bir məlumat yaymışdı ki, Səfər Mehdiyevin başçılıq etdiyi Azərbaycan Gömrük Xidmətinin nümayəndə heyəti İsrailə səfər çərçivəsində bu ölkənin İordaniya Haşimilər Krallığı ilə dövlət sərhədində yerləşən “Allenby” gömrük-buraxılış məntəqəsinə gəlib, burada gömrük orqanlarının iş prinsipi ilə yaxından tanış olub. Əlbəttdə, qabaqcıl təcrübənin öyrənilməsi təqdirəlayiq haldır, ancaq bunu gömrük orqanlarında 20 illik iş stajına malik Komitə sədrinin etməsi təəccüblüdür.
Səfər Mehdiyevin DGK-nin sədri kimi fəaliyyətinin ən diqqəti cəlb edən tərəflərindən biri də kadr siyasətidir. Məsələn, ötən ilin martında o zaman Dövlət Gömrük Komitəsinin sədri olan Aydın Əliyev tərəfindən Yevlax Gömrük idarəsinin rəisi vəzifəsindən azad edilən Məhəmməd Qasımovu Səfər Mehdiyev Qərb Ərazi Baş Gömrük İdarəsinin rəis müavini təyin edib. Bu isə gömrükçülər arasında təəccüblə qarşılanıb. Belə ki, Məhəmməd Qurban oğlu Qasımovun vəzifədən azad edilməsi o zaman mühüm dövlət strukturlarının birinin arayışı əsas götürülməsi nəticəsində baş verdiyi iddia olunmuşdu. İndi isə Səfər Mehdiyev onu daha yüksək vəzifəyə təyin edib. Yeri gəlmişkən onu da qeyd edək ki, İsa Quliyevin Qərb Ərazi Baş Gömrük İdarəsi rəsinin birinci müavini təyin edilməsi də təəccüblə qarşılanıb. Aydın Əliyevin sədrliyi dövründə “vurulmuş kadr”lardan hesab olunan İsa Quliyev, Səfər Mehdiyev sədr olduqdan bir neçə gün sonra Balakən Gömrük İdarəsinin rəisi təyin edilmişdi. Struktur islahatlarından sonra Balakən Gömrük İdarəsinin statusu gömrük postu səviyyəsinə endirildi. Ancaq İsa Quliyev yenə yüksək vəzifəyə təyinat ala bildi. Ümumiyyətlə, Səfər Mehdiyevin kadr siyasətində belə hallara çox rast gəlmək olur ki, Aydın Əliyevin sədrliyi dövründə və hətta ondan əvvəl Kəmaləddin Heydərovun sədrliyi dövründə vəzifədən vurulan kadrlara indi yüksək vəzifələr verilir. Halbuki, Aydın Əliyev komitə sədri olanda Səfər Mehdiyev komitə sədrinin birinci müavini və əsas söz sahibi olub. İndi onun bu kadr təyinatları haqlı olaraq təəccüb doğurur.
Ancaq gömrükçüləri daha çox narahat edən məqam bir zamanlar faktiki toxunlmaz şəxslər hesab olunan gömrükçülərin həbsinin indi adi hala çevrilməsi, onların böyük bir statistikasının yaranmasıdır. Gömrükçülər arasında belə şaiyə gəzir ki, Səfər Mehdiyev vəzifəsindən azad edilib, Dövlət Gömrük Komitəsi Vergilər Nazirliyinə birləşdirilənə kimi həbslər davam edəcək.
Prezident İlham Əliyevin dövlət idarəetmə sisteminin yenidən qurulmasının zəruriliyi haqqında proqram xarakterli çıxışından sonra Dövlət Gömrük Komitəsi Vergilər Nazirliyinə birləşdirililməsi artıq zaman məsələsi sayıla bilər. Biz isə Səfər Mehdiyevin gömrükçülər arasında təəccübə səbəb olan kadr siyasəti ilə bağlı araşdırmamızı davam etdirəcəyik. Bu zaman Dövlət Gömrük Komitəsi Attestasiya Komissiyasının 03.12.2018-ci il tarixli iclasının qərarında adları yer alan bəzi gömrük məmurları ilə bağlı çox ciddi iddialara da araşdırma çərçivəsində aydınlıq gətirmyə çalışacağıq.
Yeni Sözçünün
araşdırma qrupu