Yasamal Bələdiyyəsində yaşananlar: Zakir Cəfərov qurumu dolandırmağı bacarmır

İndiyədək saxtakarlıq və maxinasiya yolu ilə toplanan 20 milyon manata yaxın vəsait büdcədən gizlədilib, bu pullar sədrin və onun yaxın ətrafının cibinə axıb. İndi onları yalnız qanunsuz yolla pul qazanmaq maraqcndırır"
I YAZI
"Az öncə ölkənin yazılı və elektron mətbuatında, internet resurslarında, sosial şəbəkələrində yazırdılar ki, paytaxtın Yasamal rayonu ərazisində evlərin qapılarına, binaların girişlərinə yerli bələdiyyə adından bildirişlər vurulur. Həmin bildirişlərdə vətəndaşlardan istifadələrində olan torpaq və əmlakın vergisini ödəmək tələb olunduğu deyilirdi. Maraqlıdır ki, belə bildirişləri evin ümumi sahəsi 30 kvadratmetrdən az olan birotaqlı mənzillərinə də göndərirdilər. Öz həyatlarında bələdiyyənin fəaliyyətini hər hansı formada hiss etməyən vətəndaşlar təəccüblənirdilər ki, görəsən, bu nə vergidir belə, onlardan tələb olunur?" -- bunu, inanılmış mənbəmiz araz.az-ın əməkdaşına deyib. Hmin bələdiyyənin yarıtmaz işi ilə bağlı şok faktlar açan mənbəmiz onu da bildirib ki, əslində, qanunla dövlət vergisini toplamağa haqqı çatan Yasamal rayon Bələdiyyəsinin əməkdaşları öz hərəkətləri ilə, camaatı ona görə şoka salırdılar ki, bu bildirışlər pərdəsi altında torpaq və mülk sahiblərindən həddindən çox pul tələb olunurdu. Bunun da əsas səbəbi, bələdiyyənin çoxdandır özünü dolandıra bilməməsi ilə bağlı idi.
Yasamal Bələdiyyəsində yaşananlar: Zakir Cəfərov qurumu dolandırmağı bacarmır

Etibarlı mənbəmiz dediklərini bu dəfə də əlində olan ciddi faktlarla sübut etməyi bacarıb: "İstər qanunvericilikdə göstərilmiş qaydada, istərsə də qanunsuz toplanan vergilər hesabına bələdiyyə sədri Zakir Cəfərov və onun yaxın ətrafı illərdir özlərinə milyonlar qazanırlar. Onların indiyədək ödəmələrdən gizlətdikləri vəsaitin miqdarı 20 milyon manata yaxındır. Elə, bu və digər səbəblərə görədir ki, bələdiyyə öz büdcəsini normal şəkildə formalaşdıra bilmir. Hər il hesabına xeyli miqdarda vergi toplayan Yasamal bələdiyyəsi, həmin vəsaitləri bələdiyyə ərazisinin abadlaşdırılmasına, yolların asfaltlaşdırılmasına, humanitar yardımlara və s. xərcləməlidir. Lakin "kor kor, gör gördür!".
Mən hazırkı məqamda Yasamal Bələdiyyəsinin vətəndaşlardan vergi toplamasını normal hesab etmirəm. Çünki bu təşkilat əvvəlcədən xalqın güvənini qazana bilməyib. Hamının təsəvvüründə, Yasamal Bələdiyyəsi ancaq torpaq satmaqla məşğul olan bir qurum, əməkdaşları isə, makler kimi qalıblar. Doğrudan da, Zakir Cəfərov Yasamal bələdiyyəsini ölü doğulmuş uşaq gününə salıb. Etdiyi maxinasiya və saxtakarlıqların qorxusudur ki, Zakir Cəfərov bələdiyyəni tam olaraq rayonun icra strukturlarının göstərişi ilə işləyən bir quruma çevirib. Elə ciddi səlahiyyətləri də yoxdur ki, bir iş görə bilsin.
Yəqin, siz də bilirsiniz ki, pozuntulara yol verən 400-ə yaxın bələdiyyə sədri məsuliyyətə cəlb olunub. Tam əminəm ki, məhkəmə çəkici tezliklə Zakir Cəfərovun da başına dəyəcək. Başqa cür də mümkün deyil. Hara baxırsan, bu pozuntuların işartıları görünür. Yasamal Bələdiyyəsinin idarə edilməsində ciddi dəyişikliklər edilməli, ən azı, son 5 illik maliyyə fəaliyyəti yoxlanılmalı, ondan sonra mövcud qanunvericiliyin tələbləri səviyyəsində bələdiyyənin idarə edilməsi səmərəli səkildə qurulmalıdır.
Bəyəm, yuxarılar görmürlər ki, Yasamal Bələdiyyəsi onun sədri Zakir Cəfərovun yarıtmaz fəaliyyəti nəticəsəndə iflic vəziyyətə düşmüş, burada nizam-intizam qaydaları kobudcasına pozulmuş, bələdiyyənin sakinlər qarşısinda nüfuzu tam itmişdir. Zakir Cəfərov kollektiv idarəçilik prinsiplərini kobudcasına pozaraq, qanuna zidd şəkildə idarəciliyi təkbaşına həll edir. Bütün sərəncam və əmrlər heç bir rəhbər vəzifəli şəxslərlə razılaşmadan verilir və gizli saxlanılır. Bələdiyyədə yerli büdcə vəsaitlərinin idarə edilməsi və maliyyə vəsaitlərının xərclənməsi mövcud qanunvericiliyin tələblərinə nəinki cavab vermir, ayaq altına atılıb, tapdalanır. Zakir Cəfərova söz deyəndə isə, o, yaxşı edir deməklə, hər şeyi öz varidatı, pulu ilə ölçür.
Onu da deyim ki, bələdiyyənin İcra Aparatına səriştəsiz və işlərinin öhdəsindən gələ bilməyən, vəzifə səlahiyyətlərinə uyğun olmayan kadrlar işə götürülür. Ona görə də, bələdiyyənin büdcə proqnozları düzgün təşkil edilmir və kəskin aşağı faizlə icra olunur. Buna əsas səbəb isə, vergi və ödənişlər şöbəsinin Zakir Cəfərovun şəxsi monopoliyasında olmasıdır".
Deyilənlərdən məlum olur ki, mövcud vəziyyətdə bələdiyyədə idarəçiliyin səmərəli qurulması və yerli problemlərin həllinin sakinlərin mənafeyinə uyğun təşkil olunması qeyri-mümkündür. Çünki ölkədə iri miqyaslı islahatların getdiyi bir vaxtda, Zakir Cəfərov "öz qanunları" ilə işləməyə üstünlük verir. Bunu araz.az-ın əməkdaşı ilə görüşən bələdiyyə üzvü və qurumun əməkdaşları da ürək ağrısı ilə bildiriblər: "Hal-hazırda Yasamal Bələdiyyəsinin heç bir qurumla əlaqəsi olmayan, nüfuzdan düşmüş bir idarə orqanına çevrilməsinin başlıca səbəbi də budur. Sədr düşünmür ki, insan nə qədər yüksəkdə olursa olsun, qanun ondan üstündür. Bu bir dəhşətdir ki, bələdiyyənin maliyyə-uçot şöbəsində gəlir və xərclərə heç bir nəzarət yoxdur. Şöbənin bütün işləri baş mühasib tərəfindən təkbaşına həyata keçirilir. Şöbədə gedən proseslərdən heç kimin xəbəri olmasın deyə, şöbənin baş iqtisadçısı da otaqdan çıxarılaraq, ərazi idarəetmə şöbəsində yerləşdirilib. Əslində isə, onun əsas vəzifəsi bələdiyyənin bütün gəlir və xərclərinə nəzarət etməkdir. Fürsətdən istifadə edən baş mühasib öz qızını da mühasib-xəzinədar kimi yanında işə düzəltdirib. Lakin bu qız, bir gün də olsun, işə çıxmayıb. Ancaq adına əmək haqqı, yardım və s. yazılaraq, qanunsuz olaraq mənimsənilir. Ümumiyyətlə, bu mühasibatlıqda nələr baş verdiyindən bir bir Allah xəbərdardır.
İşə çıxmayan bir qrup işçinin adına da, əmək haqqı, yardım və mükafatlar yazılaraq, mənimsənilir. Bunlardan Elnur Rzayevi (ərazi idarəetmə şöbəsinin böyük mütəxəssisi), Şəfəq Məmmədovanı (maliyyə-uşot şöbəsinin mühasib-xəzinədarı), Qərib Abdullayevi, Hacı Hacıyevi, Fəxrəddin Məhərrəmovu (vergi və ödənişlər şöbəsinin müfəttişləri), Rəna Əliyevanı (sosial və humanitar şöbənin işçisi) və başqalarını misal göstərmək olar. Bunu sübut etmək üçün, monitordan istifadə etmək, həmin şəxslərin imzalarını, davamiyyət jurnalındakı imzaları ilə üzləşdirmək, sədrin müavinlərindən və şöbə rəislərindən bu işçilərin işdə olub-olmamaları barədə izahat almaq kifayətdir. Hətta bir qrup işçilərin və işdən çıxmışların (Mirtahir Əzizov və b.) adlarına da, artıq pullar yazılaraq, mənimsənilib.

Üç il öncə, Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi ilə bağlanmış müqaviləyə əsasən, mənzil istismar sahəsinin işçiləri tərəfindən, rayon bələdiyyəsi tərəfindən həmin işçilərə verilmiş çeklər əsasında, sakinlərdən nağd qaydada əmlak vergisi yığılıb. Həmin pullar da, bələdiyyə büdcəsinə mədaxil olunmadan, mənimsənilib. Çeklər araşdırılsa, üzləşmə aparılsa çox saxtakarlıqlar üzə çıxacaq.
Bələdiyyənin mühasibatlığı irinləmiş, çirkab içində boğulan bir yaradır -- yarılmasına ehtiyac var! Təsəvvür edin, bir dəfə də olsun əsas vəsaitlərin inventarizasiyası, o cümlədən mühasibatlar arasında təhvil-təslim aktı tərtib olunmayıb. Ona görə ki, bələdiyyənin aldığı maşın-mexanizmlərdən, onların harada olmasından, nə işlə məşqul olduqlarından heç bir mühasibin xəbəri yoxdur. Allah bilir o nəqliyyat vasitələrinin sürücülərinə illərlə nə qədər yanacaq, təmir pulu, əmək haqqı yardım və mükafatlar yazılaraq, mənimsənilib. Bəlkə də, o şəxslərin heç xəbəri olmayıb ki, onların adına bu qədər pullar yazılıb. Bu maşın-mexanizmlər alınanda isə, onların xidmətindən bələdiyyə büdcəsinə gəlir nəzərdə tutulmuşdu. Lakin bələdiyyənin budcəsinə heç nə gəlmədi. Üstəlik, bələdiyyənin balansında olan 2 ədəd “Moyka” da, satılaraq, pulları mənimsənildi.

(Araşdırmalarımız davam edir. Davamı olacaq).
Məhi ELSEVƏR,
araz.az-ın xüsusi müxbiri.