Daxili İşlər Nazirliyi Türkiyədə qatıldığı qalmaqallı evlilik verilişi ilə məşhurlaşan azərbaycanlı Naz Milanın çəkildiyi klipdə Azərbaycan polisinin uniformasını təhqir etməsi faktı ilə əlaqədar araşdırma aparıb.
AzBaku.org teleaqraf.com-a istinadən xəbər veri ki, sözügedən kliplə bağlı gedən yazıdan sonra DİN-in Daxili Tədqiqatlar İdarəsinə məsələnin araşdırılması ilə bağlı göstəriş verilib. Hətta Naz Milanın tapılması üçün tədbirlər görülüb.
Qeyd edək ki, daha öncə nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məsələnin diqqətə götürülüb araşdırılacağını bildirmişdi.
Ehsan Zahidov açıqlamasında məsələ ilə bağlı bunları bildirib: "Biz Nazın kimliyini araşdırdıq. O, Azərbaycan vətəndaşı deyil, Türkiyə vətəndaşıdır. Həmin klip də Türkiyədə çəkilib".
"Nazın polis uniformasını təhqir etməsi ilə əlaqədar ölçü götürüləcəkmi" sualına cavabında isə Ehsan Zahidov məsələ ilə bağlı araşdırmanın davam etdirildiyini bildirdi.
Qeyd edək ki, Naz Milanın söz və musiqisi Ceyhuna məxsus "No panic" klipindəki görüntüləri sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Açıq-saçıq kadrlardan istifadə olunan erotik klipdə yarıçılpaq bir xanımın Azərbaycan polisinin uniformasını kobud şəkildə pozmasına istifadəçilər sərt reaksiya verib.
Bir neçə gün əvvəl təqdim olunan klip artıq Yutubdan silinib.
Uniformanın hər iki qolunda Azərbaycan polisinin tanıtım emblemini əks etdirən şevronun nümayişkəranə əks etdirilməsi asayiş keşikçilərinin aşağılanması kimi qiymətləndirilib.