Valideynlər paytaxtın Yasamal rayonunda yerləşən 60 nömrəli uşaq bağçasından şikayətçidir.
AzBaku.info Metbuat.az-a istinadən xəbər verir ki, narazılığa səbəb bağçaya yeni gələn müdirin tətbiq etdiyi qaydalardır. Valideynlər iddia edir ki, direktor Məsmə Quliyeva hər uşağa görə onlardan 50 manat pul tələb edir. Bu pulu verə bilməyən valideynlərin uşaqlarını isə yaratmış olduğu yeni qrupa yığır. Valideynlər arasında "Kasıblar qrupu" adlandırılan qrupda uşaqların yaşı fərqli olsa da, bütün uşaqlar eyni dərsi keçir. Bu da onların təhsil səviyyələrinə mənfi təsir göstərir. Buna görə 20-dən çox valideyn Yasamal rayon İcra Hakimiyyətinə şikayət ərizəsi ilə müraciət ediblər.
Məsələ ilə bağlı Yasamal rayon 60 nömrəli uşaq bağçasının müdiri açıqlama vermək istəməyib. Problemlə əlaqədar olaraq bağçaya Bakı şəhər İcra Hakimiyyətindən komissiya gəlib. Komissiya müdirdən məsələ ilə bağlı açıqlama alıb və gedib.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətlərə cavab verən olmayıb.