Donbasın qaytarılması üçün bir gündən daha az lazımdır.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Ukraynanın Birləşmiş güclərin əməliyyat mərkəzinin keçmiş rəhbəri Sergey Nayev bildirib.
Onun sözlərinə görə, çox sürətli hərəkət etmək, Ukrayna sərhədinə çatmaq və orada möhkəmlənmək üçün bir gündən daha az lazımdır. Nayev həmçinin əlavə edib ki, Kiyevdə hazırda Donbas münaqişəsini hərbi yolla həll etməyi planlaşdırmırlar.
Qeyd edək ki, Ukrayna ordusu və rusiyayönlü qüvvələr arasında Donetsk və Luqansk vilayətlərində silahlı konflikt 2014-cü ilin aprelində başlanıb. 2014-cü aprelin 14-dən hökumət gücləri Donbasda terrorçuluğa qarşı əməliyyatı keçirirdi. 2018-ci il aprelin 30-da anti-terror əməliyyatı rəsmən başa çatıb, onun əvəzinə Donbasın reinteqrasiyası haqqında qanuna uyğun olaraq, Birləşmiş güclərin əməliyyatı başlanıb.
Donetsk və Luqansk vilayətlərinin bir hissəsi hazırda rusmeylli separatçılar tərəfindən nəzarət altındadır. Kiyev işğal prosesində Rusiyanın nizami qoşununun iştirak etdiyini və hazırda burada Rusiya hərbçilərinin olduğunu iddia edir. Moskva isə münaqişə tərəfi olmadığını, münaqişənin Ukraynanın daxili işi olduğunu bildirir.