"Petkim"in mənfəəti bəlli oldu

SOCAR-ın Türkiyədəki ən iri aktivlərindən biri olan "Petkim Petrokimya Holding A.Ş." ("Petkim") 2017-ci ilin 9 aylıq maliyyə göstəricilərini açıqlayıb.

AzBaku.info APA-ya istinadən xəbər verir ki, "Petkim" bu ilin yanvar-sentyabr aylarında 1 mlrd. 27,104 mln. türk lirəlik xalis mənfəətlə əldə edib. 2016-cı ilin eyni dövrü ilə müqayisədə bu ilin 9 ayında şirkətin xalis mənfəəti 1,99 dəfə artıb.

Şirkətin üçüncü rübdə xalis gəlirləri 372,040 mln. lirə olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,69 dəfə çoxdur.

2016-cı ilin dekabrın 31-nə aktivləri 6 mlrd. 268,528 mln. lirə təşkil edirdisə, 2017-ci ilin oktyabrın 1-nə bu göstərici 6 mlrd. 801,881 mlrd. lirəyədək artıb.

2016-cı ilin dekabrın 31-i ilə müqayisədə şirkətin qısamüddətli öhdəlikləri 45,29% artaraq, 2 mlrd. 611 mln. 56 min lirəyə, uzunmüddətli öhdəlikləri isə 2 dəfə azalaraq 698 mln. 105 min lirəyə çatıb. Bu ilin 9 ayında şirkətin cəmi öhdəlikləri 3 mlrd. 309 mln. 162 min lirəyə bərabər olub ki, bu da 2016-cı ilin dekabrın 31-də olan göstəricidən 3,43% çoxdur.

Xatırladaq ki, 2008-ci ildə SOCAR Türkiyə hökuməti tərəfindən özəlləşdirilən və qardaş ölkənin yeganə neft-kimya istehsalçısı olan "Petkim"də nəzarət-səhm paketinə malik olmaq üçün "SOCAR Türkiyə Enerji A.Ş." vasitəsilə strateji investisiya yatırıb. Bu alış ilə SOCAR daha sonra müxtəlif müəssisələrə kapital qoyuluşu həyata keçirib və emal fəaliyyətinin əhatə dairəsini və miqyasını artırıb. 2010-cu ildə "SOCAR Türkiyə Enerji A.Ş." "Petkim" obyektlərinə yaxın ərazidə yeni emal zavodunun tikintisi üçün Türkiyə hökumətindən icazə alıb və tikintisi üçün hazırlıq işləri 2011-ci ilin oktyabrında başlayıb. 2018-ci ildə zavodun fəaliyyətə başlaması gözlənilir. Hesablamalara uyğun olaraq, bu zavod "Petkim"in gəlirliliyini və bazar payını artıraraq onun üçün xammal xərclərini azaldacaq.