“Gülarə Mehdiyeva məni xidməti otağına çağıraraq “sən işdən azad olmusan, nazirlikdə adamın varsa get işinə bərpa ol” - deyə xəbərdarlıq etdi.”
Bakı şəhəri, Yasamal rayonu, Ə.Cavad küçəsi ev 218-də yaşayan, Bakı şəhəri üzrə Təhsil idarəsinin Nizami – Nərimanov xidmət bölməsinin sabiq mühasibi Əliyeva Naibə Eldar qızı Azbaku.info-ya üzlədiyi problemlə bağlı ərizə ilə müraciət edib. Ərizədə deyilir:
- Bakı şəhəri üzrə Təhsil İdarəsinin Nizami – Nərimanov xidmət bölməsində mühasib vəzifəsində işləmişəm. 2015-ci ildə analıq məzuniyyətinə çıxmışam. 18 oktyabr 2017-ci il tarixdə öz xahişimlə yenidən işimə qayıtmışam. Bakı şəhəri üzrə Təhsil İdarəsinin Nizami – Nərimanov xidmət bölməsi 29 sentyabr 2017-ci ildə ləğv edilərək, yerində 3 saylı Xidmət və Əməliyyat Mərkəzi yaradılıb. Oktyabr ayının 2-də bölmə müdiri Gülarə Mehdiyeva məni xidməti otağına çağıraraq “sən işdən azad olunmusan, nazirlikdə adamın varsa get işinə bərpa ol” - deyə xəbərdarlıq etdi. Xatırladım ki, analıq məzuniyyətində olarkən məni Lalə Rizvan qızı adlı bir xanım əvəz edib. Mən işimə geri dönəndən sonra isə həmin xanım müvəqqəti işlədiyi ştatdan uzaqlaşdırıldı. Lakin yeni yaranan Mərkəzdə Gülarə Mehdiyevanın himayəsi ilə Lalə Rizvan qızı yenidə aparıcı mühasib vəzfəsinə təyin edildi. Halbuki yeni yaranan Mərkəzdə uzun müddət iş stajı olan şəxs kimi mən işlə təmin edilməli idim. Vəzifəmdən kənarlaşdırılarkən Əmək Məcəlləsinin 70-ci maddəsinin A bəndinə əsasən işimə xitam verildi. Buna səbəb isə işdən könüllü çıxmaqla bağlı ərizə yazmamağım idi. Xatırladım ki, Azərbaycan Respublikası qanunlarına müvafiq olaraq iki ay öncədən müəssisənin ləğv ediləcəyi ilə bağlı mənə məlumat verilməli idi. BŞÜTİ-nə dəfələrlə müraciət etməyimə, idarənin müdir müavini Nərgiz Səfərovanın və müdir Məhəbbət Vəliyevanın qəbulunda olsam da bu günə kimi mənə kömək edilməyib. Əksinə Nərgiz Səfərova “get uşağını saxla, məni şantaj etmə və hara istəyirsən yaz ” – deyə otağından çıxmağımı tələb edib. Bu günə kimi haqqımda çıxarılan haqsız qərarla bağlı kimsədən dolğun və qanunla əsaslandırılmış bir cavab belə ala bilmirəm.
Müraciətdən göründüyü kimi 15 il əmək stajı olan bir mütəxəssisin idarə ləğv edilərkən görəvindən uzaqlaşdırılaraq, onu qısa müddət əvəz edən şəxsin isə işlə, həm də daha yüksək vəzifə ilə təmin edilməsi olduqca diqqət çəkən məqamdır. Media olaraq məsələnin məğzini öyrənmək üçün araşdırmalara başladığımız zaman olduqca ilginc faktlar ortaya çıxdı. Belə ki, 3 saylı Xidmət və Əməliyyat Mərkəzinin müdiri Gülarə Mehdiyevanın oğlu, Lalə Rizvan qızının həyat yoldaşının rəhbərlik etdiyi bankda çalışırmış. Oğlunun prespektivini düşünən Mərkəz rəhbərinin Naibə Əliyevanı görəvindən uzaqlaşdırılması səbəbi də aydın olur. Əslində Gülarə Mehdiyevanın qəbul etdiyi qərarın nədənlərinin BŞÜTİ ilə razılaşdırmaması da mümükün deyil. Əks halda BŞÜTİ-nin müdir müavini, Naibə Əliyevanın problemini qanunların imkan verdiyi şərtlərlə deyil, “get uşağını saxla” formatında “həll” etməzdi. Digər bir tərəfdən 3 saylı Xidmət və Əməliyyat Mərkəzinin müdiri Gülarə Mehdiyevanın Naibə Əliyevaya “nazirlikdə adamın varsa get işinə bərpa ol” – deyə istiqamət verməsi də ilginc faktdır. O zaman sual yaranır: Təhsil Nazirliyində işə qəbul üçün əsas amil ölkə qanunlarıdır, yoxsa “nazirlikdə adamın” olması? Əgər 1-ci amil əsas götürülürsə, bəs nədən Mərkəz rəhbəri Naibə Əliyevaya “nazirlikdə adam” məsləhət görür? Və ya “nazirlikdəki adamın” vətəndaşı işlə təmin etmək üçün şərtləri nədir? Təhsil sistemində çalışmaq üçün insana hansı göstəicilər lazımdır? “Əl əli yuyar, əl də üzü” prinsipi bu sistemdə nə qədər keçərlidir? Əgər keçərli deyilsə bəs nədən nazirliyin 3 saylı Xidmət və Əməliyyat Mərkəzinin müdiri Gülarə Mehdiyeva Naibə Əliyevanın yerinə oğlunun işlədiyi bankın müdirinin xanımı təyin edir?
Mövzuya qayıdacağıq.
Redaksiyadan: Məlumatda adı çəkilən qurum və ya şəxslərində mövqelərini dərc etməyə hazırıq.
Azbaku.info