Sumqayıt Dövlət Universitetində yeni Təlim-Tədris Mərkəzi və Elektron laboratoriya istifadəyə verilib

Sumqayıt Dövlət Universitetində (SDU) ERASMUS+ PETRA (Azərbaycan universitetlərində tədrisin və təlimin təkmilləşdirilməsi) layihəsi çərçivəsində yaradılmış Təlim-Tədris Mərkəzi və Elektron laboratoriya istifadəyə verilib.


AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları universitetin foyesində Ulu Öndərin büstü önünə tər güllər düzüb, ali məktəbdə fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi və Elektron laboratoriya ilə tanış olublar.

Ali məktəbin rektoru, professor Elxan Hüseynov iştirakçıları 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə təbrik edərək, ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb.

Universitetin Avropa İttifaqının ERASMUS+ proqramının PETRA layihəsinə tərəfdaş olaraq 2016-cı ildən qoşulduğunu bildirən Elxan Hüseynov qeyd edib ki, layihəyə qoşulduğu müddətdə universitetin əməkdaşları Türkiyənin Qazi, Avstriyanın Vyana Tətbiqi Elmlər Universiteti, Finlandiyanın Yuvaskyla və İspaniyanın Valensiya Politexnik universitetlərində müvafiq təlim, seminar və konfranslarda iştirak edərək, Avropa universitetlərinin təcrübəsindən bəhrələniblər. Bundan əlavə, universitet əməkdaşları layihə ilə əlaqədar Xəzər Universitetində təşkil olunmuş seminar və konfransda iştirak ediblər.

Çıxışda layihə çərçivəsində yaradılmış Təlim–Tədris Mərkəzinin universitetin müəllimlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, onların müasir təlim metodları ilə işləmək bacarıqlarının, tədris prosesinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına xidmət edəcəyi vurğulanıb.

Qonaqlar layihənin əhəmiyyətindən bəhs edib, Təlim-Tədris Mərkəzinin qarşıya qoyduğu məqsədlər, nəzərdə tutulan planlar, kurslar, treninqlər və seminarlar barədə ətraflı məlumat veriblər.

Tədbir iştirakçıları layihə çərçivəsində keçiriləcək seminar və treninqlər üçün müasir standartlara uyğun yaradılmış auditoriya və laboratoriya ilə tanış olublar.

Qeyd edək ki, tədbirdə ERASMUS+ layihəsinin Azərbaycan nümayəndəliyinin direktoru Pərviz Bağırov, Azərbaycan Dövlət Pedaqoji, Xəzər, Bakı Slavyan və Azərbaycan Dillər universitetlərinin əməkdaşları, layihə meneceri Zarina Aslanova da iştirak edib.